Azərbaycan Dövlət İqtisad Universitetində elmi tədqiqatların aparılması üçün potensial var
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Ümumdünya Elm Günü çərçivəsində keçirilən “Elm günləri” başa çatıb.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, yekun tədbirdə bu ali məktəbin rektoru, professor Ədalət Muradov üç gün davam edən mərasimlərdə qarşıya qoyulan məqsədə nail olunduğunu söyləyib. Bildirib ki, İqtisad Universitetində elmi tədqiqatların aparılması üçün potensial var.
Tədbirdə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə iqtisad elminin Azərbaycan cəmiyyətinin inkişafındakı rolundan danışıb. Bildirib ki, ölkəmizdə iqtisadiyyatı qloballaşan dünyada tələb və təkliflərə adekvat siyasət yürüdülür. “Hər bir iqtisadçı alimin fikri öyrənilməlidir”, deyən Z. Səmədzadə, bu baxımdan ADİU-da keçirilən “Elm günləri”nin əhəmiyyətini xüsusi qeyd edib.
Kulturoloq, professor Fuad Məmmədov çıxışında iqtisadiyyatın mədəniyyətlə bağlı olduğunu bildirərək, “Elm günləri” çərçivəsində təşkil olunan tədbirlərin ali təhsil ocağının elm mərkəzinə çevrilməsində böyük rol oynayacağını söyləyib.
Kanadanın Vaterloo Universitetinin riyazi biznes və mühasibat proqramının direktoru, ADİU-nun keçmiş əməkdaşı İlham Axundov elmin kapitala çevrilməsi yollarından danışıb. Riyaziyyat və biznesi birləşdirməyi bacaran azsaylı alimlərdən olan İ.Axundov 15 ildir çalışdığı Vaterloo Universitetində əldə etdiyi təcrübəsini professor və müəllim heyəti ilə bölüşüb.
Tədbirdə ADİU-nun dosenti Həmid Həmidov “Neyro-linqvistiq Proqramlaşdırma” mövzusunda məruzə edib. H. Həmidov NLP-nin müasir biznes mühitində faydalılığı, danışıqların aparılması zamanı qarşı tərəfin psixoloji durumunu analiz etmək və inandırmaq texnologiyası, yaddaşın gücləndirilməsi texnikası və s. haqqında tədbir iştirakçılarına məlumat verib.
Qeyd edək ki, ADİU-da Ümumdünya Elm Günü çərçivəsində ilk dəfə olaraq “Elm günləri” keçirilib. Üç gün ərzində bu ali təhsil müəssisəsində simpozium, seminar, “dəyirmi masa”, təlim, ustad dərsləri, tanınmış alimlərlə görüş və elmi mühazirələr təşkil olunub.