Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində batika sərgisi: “Yeddi gözəl”
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) rəssam Şəhla Abbasovanın dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunan batika əsərlərindən ibarət sərgisinin açılışı və sərginin kataloqunun təqdimatı olub.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100 və ADMİU-nun 95 illik yubileyləri münasibətilə təşkil olunub.
Sərgidə poemadakı yeddi müxtəlif ölkədən olan yeddi şahzadənin obrazlarının rəssam tərəfindən ipək parça üzərində yaradılmış təsvirləri nümayiş etdirilib.
Universitetin rektoru, professor Fərəh Əliyeva sərginin özəlliyindən söz açıb, rəssamın dahi Nizami Gəncəvinin və onun yeddi gözəlinin təsvirlərini atlas üzərində yüksək peşəkarlıqla həkk etdiyini diqqətə çatdırıb.
Dizayn və dekorativ-tətbiqi sənət kafedrasının müdiri, professor Arif Əziz batika sənətinin qədim tarixindən danışıb. Ş.Abbasovanın bu sənəti çox gözəl və peşəkarlıqla təmsil etdiyini, çətin və məsuliyyətli işin öhdəsindən uğurla gəldiyini deyib.
Sənətşünas Dilarə Müzəffərli müəllifi təbrik edib, bu layihənin respublikamız üçün önəmli üç mötəbər tədbir və yubileylərə həsr olunduğunu söyləyib. O, sərginin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.
Sonra iştirakçılar sərgi ilə tanış olublar. Universitetin tələbələrinin iştirakı ilə ədəbi-bədii proqram nümayiş etdirilib.
Ş.Abbasova müxtəlif yerli və beynəlxalq sərgilərdə ölkəmizi təmsil edib, diplom və sertifikatlara layiq görülüb. O, eyni zamanda, 2016-cı ildə Monteneqroda konfrans çərçivəsində keçirilən sərgidə iştirak edib, əsəri kataloqda nəşr olunub və sertifikata layiq görülüb.