AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASINDA BİRİNCİ KURS TƏLƏBƏLƏRİNİ TƏBRİK ETMİŞLƏR
Dövlətimizin başçısı Heydər Əliyevin qərarı ilə ölkəmizdə bayram edilən Bilik günü münasibətilə sentyabrın 2-də Azərbaycan Dövlət Neft Akademiyasında birinci kurs tələbələrinin şərəfinə təntənəli mərasim keçirilmişdir.
ADNA-nın rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, Siyavuş Qarayev mərasimi açaraq dedi ki, bu gün gənclərin xeyli hissəsi bilik almaq, dünyagörüşünü genişləndirmək, şəxsiyyət kimi formalaşmaq üçün ölkəmizin təhsil ocaqlarına qədəm qoyur. Birinci qrup üzrə ərizə verən abituriyentlər məhz bu ali məktəbi seçmişlər. Bu da təbiidir, çünki ADNA yetirmələri ilə bütün dünyada məşhurdur. Azərbaycan Prezidenti Heydər Əliyev, bir çox görkəmli şəxsiyyətlər məhz burada təhsil almışlar.
Rektor xatırlatdı ki, əgər 1999-cu ildə ADNA-ya qəbul olan abituriyentin topladığı ən yüksək bal 500 idisə, cari ildə həmin göstərici 662 bala çatmışdır. Yəni ən istedadlılar ölkə Prezidentinin bəyan etdiyi neft strategiyası ilə bilavasitə bağlı olan bu ali məktəbi seçirlər. Təsadüfi deyil ki, dövlətimizin başçısı bu il test imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə görüşdə demişdir ki, neft bizim iqtisadiyyatımızın əsasını təşkil edir, Neft Akademiyasına daxil olanlara mənim böyük hörmətim var.
Tədbirin sonunda rektor valideynləri və tələbələri bu əlamətdar bayram münasibətilə təbrik edərək, tələbə biletlərini təqdim etdi.