AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNDƏ MƏZUN GÜNÜ
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2007/2008-ci tədris ilinin məzunları ilə təntənəli görüş keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.
ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov ümummilli liderimiz, müdrik dövlət xadimi Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışmış, bu siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Ölkəmizdə qazanılan nailiyyətlərdən qürur hissi ilə bəhs edən rektor xalqımızın daha firavan gələcəyinə əmin olduğunu söyləmişdir.
Bu il respublikamızda növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan Y.Məmmədov bu seçkilərdə də xalqımızın Heydər Əliyev siyasətinə yekdilliklə səs verəcəyinə inandığını vurğulamışdır.
Diqqətə çatdırılmışdır ki, 2007-2008-ci tədris ilində universiteti əyani şöbə üzrə 1102, qiyabi şöbə üzrə 539 bakalavr bitirir. Onlardan 126 nəfəri türkiyəli gəncdir. Eyni zamanda, bu il ADPU-nu 10 istiqamət, 35 ixtisas üzrə 150 nəfər magistr bitirir. Həmin məzunların əksəriyyəti müvafiq proqram üzrə ayrı-ayrı rayonlarda işlə təmin olunacaqdır.
Professor Y.Məmmədov məzunları təbrik edərək, onlara xoş arzularını bildirmişdir.
Təhsil nazirinin müavini Elmar Qasımov, akademik Budaq Budaqov da dahi rəhbərimiz Heydər Əliyevin müəllim peşəsinə daim böyük qiymət verdiyini xatırlatmış, bu peşənin şərəfli olduğunu nəzərə çarpdırmışlar.
Çıxış edənlər məzunlara tövsiyələrini verərək, onlara uğurlar arzulamışlar.
Təhsildə yüksək nəticələr əldə etmiş məzunlara diplomlar təqdim olunmuşdur.
Sonra maraqlı konsert proqramı nümayiş etdirilmişdir.