Azərbaycan dövləti COVID-19-a qarşı mübarizəni regional və qlobal səviyyədə davam etdirir
Bakı, 24 iyul, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası başlayandan bu günədək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən virusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində bir sıra məqsədyönlü təşəbbüslər irəli sürülüb. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ilin aprel ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilib. Mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak edirdilər.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürüb. BMT-nin Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyev deyib.
O bildirib ki, sözügedən təklif Qoşulmama Hərəkatına üzv olan 120 ölkə arasında yekdilliklə razılaşdırılıb. Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-nin Baş katibi 2020-ci ilin mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə təşəbbüsə 30 gün müddətində münasibət bildirmələri ilə bağlı müraciət edib. Məlum olduğu kimi, Prezident İlham Əliyevin təşəbbüsünə dünyanın 130-dək ölkəsi dəstək verib.
“İnanıram ki, BMT Baş Assambleyasının xüsusi sessiyası pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər edilməsinə şərait yaradacaq və pandemiyaya qarşı birgə mübarizədə öz müsbət töhfəsini verəcək. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Azərbaycan Respublikasının hər bir vətəndaşı kimi biz də Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüsü dəstəkləyir və bununla qurur duyuruq”, - deyə Rasim Ağasiyev qeyd edib.