İDMAN
Azərbaycan döyüşçüləri Avropa birinciliyində uğurlu çıxış etmişlər
Bakı, 18 oktyabr (AZƏRTAC). Qusar Olimpiya İdman Kompleksində universal döyüş üzrə Avropa çempionatı keçirilmişdir. Klassik və layt versiyaları üzrə keçirilən turnirdə 26 ölkədən 150 idmançı qüvvəsini sınamışdır.
AZƏRTAC xəbər verir ki, qitə çempionatında kişilərdən ibarət Azərbaycan yığması 2, qadınlardan ibarət komandası isə bir heyətlə təmsil olunmuşdur. 30 ədalət təmsilçisinin idarə etdiyi yarışların baş hakimi litvalı Aldrus Santaskas idi.
Avropa çempionatında kişilər arasında Azərbaycan komandasının üzvləri layt versiyası üzrə yarışlarda 5 qızıl, 2 gümüş, 2 bürünc, klassik versiya üzrə yarışlarda isə 7 qızıl, 2 gümüş, 3 bürünc medallar əldə etmişlər.
Zərif cinsin nümayəndələri isə bu mübarizədə 3 qızıl medala sahib çıxmışlar. Cavidan Qarayev (65 kq), Bayram Zərbiyev (70 kq), Samir Kərimov (75 kq), Nicat Əliyev (85 kq), Qəzənfər Namazov (90 kq) layt versiyası üzrə yarışlarda qızıl medallar əldə etmişlər. Bu növ üzrə yarışlarda Şahin Göyüşov (65 kq), Sahik Namazov (70 kq) gümüş, Fərid Mirzəbəyov (75 kq), Xəyal Məmmədov (80 kq) bürünc medallara sahib çıxmışlar.
Klassik versiya üzrə yarışlarda təmsilçilərimizdən Mənsur Hüseynov (60 kq), Qəhrəman Xələfov (65 kq), Xəyyam Səfixanov (75 kq), Nicat Tağıyev (85 kq), Eynulla Günəşli (90 kq), Yunis İsmayılov (95 kq), Ramin Məhərrəmov (95 kq-dan yuxarı) hamıdan üstün olmuşlar. Məcnun Əhmədov (70 kq), Arif Şıxzadayev (80 kq) gümüş, Ravid Mirzəbəyov (70 kq), Şahmar Əliyev (85 kq), Seymur Quliyev (95 kq) bürünc medallar əldə etmişlər. Qadınlar arasında isə Afaq Cavadova (48 kq), Nərmin Ağamalıyeva (57 kq) və Aynur Rzayeva (78 kq-dan yuxarı) çempion adını qazanmışlar.