AZƏRBAYCAN DRES-İN GÜCÜ ARTIRILIR
“Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, enerji bloklarının yenidən qurulması, qəza vəziyyətində olan 1 nömrəli tüstü borusunun təmiri və dərin suburaxıcı qurğunun quraşdırılması planlaşdırılır. Ekspertlərin fikrincə, tüstü borusunun bərpasına təqribən 12 milyon dollar, dərin suburaxıcı qurğunun tikintisinin başa çatdırılmasına isə təxminən 17 milyon dollar lazımdır. Hər bir enerji blokunda aparılacaq yenidənqurma işlərinin dəyəri azı 15 milyon dollardır.
Beləliklə, Azərbaycan DRES-də yenidənqurma işlərini tam həcmdə aparmaq üçün təxminən 150 milyon dollar tələb olunur. Daha dəqiq qiymət layihənin texniki-iqtisadi əsaslandırması hazırlandıqdan sonra veriləcəkdir. Bu işləri həmin layihəyə 70 milyon dollar məbləğində kredit ayırmaq niyyətində olan Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri aparırlar. Mütəxəssislərin fikrincə, layihənin gerçəkləşdirilməsi xərcləri 3 il ərzində qənaət edilmiş yanacaq və əlavə elektrik enerjisi hasilatı hesabına ödəniləcəkdir.
Enerji bloklarının hər birinin gücünün 330 meqavat-saata çatdırılması əlavə 450 meqavat-saat elektrik enerjisi istehsal etməyə və illik elektrik enerjisi hasilatını mövcud 10,5 milyard kilovat-saatdan 12,5 milyardadək artırmağa imkan verəcəkdir.
Azərbaycan DRES-də bərpa işləri başa çatdıqdan sonra yanacağa xeyli qənaət ediləcək, hər kilovat-saata sərf edilən şərti yanacağın miqdarı 388 qramdan 320 qrama enəcək, beləliklə ildə təxminən 430 min ton mazuta qənaət olunacaqdır.
“Azərenerji” SC-nin mütəxəssisləri lazımi təcrübə toplamaq, ilkin qiymət almaq, habelə belə blokların yenidən qurulması ilə daha ətraflı tanış olmaq üçün Rusiya, Belarus, Ukrayna və Özbəkistana ezam edilmişdir.