AZƏRBAYCAN ENERGETİKLƏRİNİN NAİLİYYƏTLƏRİNƏ MOSKVADA BURAXILACAQ KİTABDA GENİŞ YER AYRILACAQ
Azərbaycanın elektroenergetikası Moskvanın “O-Master” nəşriyyatının çapa hazırladığı “Stroiteli Rossii. XX vek” (“Rusiyanın qurucuları. XX əsr”) adlı yeni antologiyada layiqli yer tutacaqdır. “Azərenerji” Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda Rusiyanın Atom Enerjisi Nazirliyi, Energetika və Elektrikləşdirmə Nazirliyi, “Rosenerjiatom” Dövlət Konserni, “Rusiya vahid enerji sistemi” Səhmdar Cəmiyyəti, Sənayeçilər və Sahibkarlar İttifaqı “O-Master” nəşriyyatı ilə birlikdə “Elektroenergetika” adlı birinci kitabın üzərində işi başa çatdırmaqdadırlar. Azərbaycan elektorenergetikasına həsr edilən məqalələr respublikamızın energetika obyektlərindən söhbət açılan və onlarda çəkilmiş şəkillər verilən materialların sanballı bir hissəsidir. Yeri gəlmişkən, kitaba 1500-dən çox fotoşəkil xüsusi rövnəq verəcəkdir. Onların əksəriyyəti ilk dəfə işıq üzü görür və təsvir edilən hadisələrin bilavasitə iştirakçıları və şahidlərinin ailə albomlarından, müəssisələrin arxivlərindən, muzeylərin ehtiyat fondundan götürülmüşdür. Zəngin soraq məlumatı toplanan bu kitab cari ilin ikinci yarısında çapdan çıxacaqdır.