Azərbaycan geoloji axtarış və qiymətləndirmə işlərində Türkiyə təcrübəsini öyrənməyi planlaşdırır
Bakı, 27 oktyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu davam edir.
Fotumun media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, hazırda forumun III və IV sessiyaları keçirilir. Sessiyalarda geologiya və dağ-mədən sənayesində qabaqcıl metod və texnologiyaların tətbiqi, geologiya və dağ-mədən sənayesində hesabatlılıq və investisiya trendləri ilə bağlı yerli və xarici mütəxəssislər çıxış edir.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədr müavini Elçin Məcidov açıqlamasında bildirib ki, Azərbaycan hökuməti geoloji axtarış və qiymətləndirmə işlərində Türkiyə təcrübəsini öyrənməyi planlaşdırır.
Azərbaycanda ilk dəfə təşkil olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumu barədə danışan sədr müavini bildirib ki, məqsəd ölkəmizin dağ-mədən sənayesinin potensialını beynəlxalq arenaya çatdırmaq, kommunikasiyalar qurmaq, qarşılıqlı məlumat mübadiləsini təşkil etməkdir:
"Forum çərçivəsində 30-a yaxın ölkənin mütəxəssislərinin həm çıxışları, həm də sessiyalarda təqdimatları keçirilir. Sessiyalarda əsas məqsəd yeni metodologiyanın öyrənilməsi, hesabatlılığın təşkil edilməsidir. Paralel olaraq Türkiyənin aidiyyəti dövlət qurumları ilə üçtərəfli görüşlər keçirilir. Onlarla qarşılıqlı məlumat mübadiləsi və gələcək əməkdaşlıqla bağlı müzakirələr aparılır".
"Türkiyədən əsasən mövcud qanunvericiliyin tətbiqinin hansı formada aparılmasını öyrənmək istəyirik. İcazələrin verilməsi, dövlət nəzarətinin hansı formada təşkil olunması ilə bağlı məlumat mübadiləsi, həmçinin bizim Mədən Axtarış Baş İdarəsi ilə Geoloji Kəşfiyyat Agentliyinin qarşılıqlı əlaqələrinin qurulması, geoloji axtarış-qiymətləndirmə işlərində Türkiyə təcrübəsinin öyrənilməsi hədəflənir", - deyə E.Məcidov əlavə edib.