İDMAN
Azərbaycan gimnastı Zöhrə Ağamirova finalda halqa ilə çıxış edib
Bakı, 28 aprel, L.Qurbanova, G.Mahmudlu, AZƏRTAC
Aprelin 28-də Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku turnirinin üçüncü günündə Azərbaycan gimnastı Zöhrə Ağamirova finalda halqa ilə hərəkətlərdə çıxışını yerinə yetirib. Gimnastımızın çıxışı hakimlər tərəfindən 16,850 xalla qiymətləndirilib.
Final yarışları davam edir.
Qeyd edək ki, təmsilçimiz aprelin 26-da keçirilən təsnifat mərhələsində halqa ilə yarışlarda 19,800 xal toplayıb.
Fərdi proqramda halqa, top, gürzlər, lent, qrup hərəkətləri proqramında isə 5 top, 3 halqa və iki cüt gürzlə yarışlarda ən güclülər məlum olacaq.
Ötən gün keçirilən çoxnövçülük yarışlarında qalib və mükafatçılar müəyyənləşib. Fərdi proqramda ilk üçlükdə Dina Averina, Arina Averina (Rusiya) və Vlada Nikolçenko (Ukrayna) qərarlaşıblar. Qrup hərəkətləri proqramında isə Yaponiya millisi qızıl, Rusiya yığması gümüş, Bolqarıstan təmsilçiləri isə bürünc medallara sahib olublar.