AZƏRBAYCAN GİMNASTLARI BEYNƏLXALQ TURNİRDƏ 4-CÜ VƏ 5-Cİ YERLƏRİ TUTMUŞLAR
Azərbaycanın bir ay sonra Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşan yeniyetmələrdən ibarət qrup hərəkətləri komandası Nijni Novqorodda beynəlxalq turnirin finalında 4-cü yeri tutmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yeniyetmə gimnastlarımız təsnifat mərhələsindən sonra 6-cı yerə çıxmışdılar. Lakin komandamız gürzlərlə final hərəkətlərini yaxşı yerinə yetirdiyi üçün hakimlərin qərarı ilə Rusiya, Bolqarıstan və Belarusdan sonra dördüncü yerə layiq görülmüşdür.
Bundan əlavə, Nijni Novqorodda yaşlılardan ibarət qruplar arasında Dünya Kuboku yarışları da keçirilmişdir. Komandamız ikinövçülüyün nəticələrinə görə və ayrı-ayrı finallarda 5-ci nəticəni göstərmişdir. Yarışların mükafatçıları Rusiya, İsrail, İspaniya və Ukrayna komandaları olmuşlar.
Çexiyanın Brno şəhərində keçirilən Qran-pri yarışlarında iştirak edən Anna Qurbanovanın da ən yaxşı göstəricisi 5-ci yer olmuşdur. O, gürzlə hərəkətlərdə 16,825 bal toplamışdır. Gimnastımız lentlə hərəkətlərdə (15,95) və çoxnövçülükdə (67,014) 6-cı, iplə (16,5) və halqa ilə (16,025) hərəkətlərdə isə 7-ci nəticəni göstərmişdir.
Qran-pri yarışlarında medalları Rusiya gimnastları Vera Sesina, Alina Kabayeva və Olqa Kapranova qazanmışlar.
Mətbuat xidmətindən onu da bildirmişlər ki, Avropa çempionatında iştirak edəcək komandaların heyətini Rusiyadan sonra bir çox ölkələr də açıqlamışdır. Avro-2007-nin favoritləri arasında ukraynalı Anna Bessonova və Natalya Qodunko, belaruslu İnna Jukova və bolqar Simona Peyçeva də var.
Azərbaycan komandasının üzvləri isə yaxın günlərdə məşqçi korpusu tərəfindən müəyyənləşdiriləcəkdir. 3 yerə öz mövqeyini dünya reytinq cədvəlində halqa ilə təmrinlərə görə yaxşılaşdırmış və 28 xalla 7-ci yeri tutmuş Aliyə Qarayeva, Yaroslavda keçirilən beynəlxalq turnirdə iştirak edən Dinara Gimatova, Anna Qurbanova və iyunun 1-3-də Bolqarıstanda beynəlxalq yarışlara qatılacaq Zeynəb Cavadlı namizəddirlər.