Azərbaycan-Gürcüstan dostluğunun inkişafında Ümummilli Liderin mühüm rolu var
Tbilisi, 11 may, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneulidə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirildiyi binanın foyesində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılıb.
Marneuli şəhərinin meri Temur Abasov tədbirdə çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən söhbət açıb. O, Azərbaycan-Gürcüstan dostluğunun inkişafında və möhkəmlənməsində Ümummilli Liderin müstəsna rolunun olduğunu deyib. Bildirib ki, gürcü xalqının yaxın dostu olan Heydər Əliyev ən ağır günlərdə qardaşlıq və dostluq ənənələrinə sadiq qalıb, gürcü xalqına daim yardım edib.
Mer Ulu Öndərin və Prezident İlham Əliyevin azərbaycanlıların ən çox yaşadıqları Marneuliyə səfərlərini, əhaliyə göstərdikləri diqqət və qayğılarını xatırladıb. Mer fəaliyyəti dövründə dostluq və qardaşlıq ənənələrinin möhkəmlənməsinə çalışacağını, mövcud ənənəni yaşadacağını bildirib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıb. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqını ağır, çətin vəziyyətlərdən xilas edib, milli birlik yaradıb. Ulu Öndərin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir.
Diplomat diqqətə çatdırıb ki, dahi liderimizin qüdrətli dövlət yaratmaq məqsədilə atdığı addımlar hamımız üçün istiqamətdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan dövlətimizin dünyada tanınması, böyük nüfuza sahib olması və qabaqcıl ölkələrdən biri olması müdrik siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır.
Marneuli rayon bələdiyyəsinin sədri Amiran Georqadze çıxışında Azərbaycanın və Gürcüstanın regionları arasında, xüsusən də sərhədyanı bölgələrdə əlaqələrin inkişafından danışıb, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra bunun üçün gözəl zəmin yarandığını vurğulayıb.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev çıxışında deyib ki, müasir Azərbaycanın inkişafı yalnız və yalnız Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ölkəmizin sosial-iqtisadi həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq dühasının açıq-aşkar təsiri hiss edilməsin.
Məhz onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirilib.
Sonra Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Ruslan Hacıyev, gaxa.ge saytının rəhbəri, Əməkdar Jurnalist Nizami Məmmədzadə, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, Ulu Öndərin Azərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafındakı xidmətlərindən danışıblar.
Bildirilib ki, bu gün regionda reallaşdırılan irimiqyaslı enerji və nəqliyyat layihələrinin müəllifi məhz Heydər Əliyevdir. Onun uzaqgörən siyasəti nəticəsində reallaşan bu layihələr xalqlarımızın rifah halının yaxşılaşmasına, tərəqqiyə və sabitliyə xidmət edir.
Tədbirdə dahi lider Heydər Əliyevin ömür yolundan bəhs edən film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi