MƏDƏNİYYƏT
Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin genişlənməsinə töhfə - Zamanın pillələri ilə
![](/files/galleryphoto/2023/1/1200x630/16813020251984645682_1200x630.png)
![](/files/galleryphoto/2023/1/1200x630/16813020253699250004_1200x630.png)
![](/files/galleryphoto/2023/1/1200x630/16813020253211141758_1200x630.png)
Tbilisi, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Tbilisidəki Dmitriy Şevardnadze adına Milli Qalereyada Azərbaycanın tanınmış rəssamı Çingiz Fərzəliyevin “Zamanın pillələri ilə” adlı yubiley sərgisinin açılışı ilə əlaqədar mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Çingiz Fərzəliyevin yaradıcılığı barədə ətraflı məlumat verilib.
Bildirilib ki, Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgidə rəssamın 60 illik müddət ərzində ərsəyə gətirdiyi zəngin yaradıcılığının yalnız bir hissəsi nümayiş etdiriləcək.
Sərginin kuratorları Çingiz Fərzəliyev, Könül Rəfiyeva və Məryəm Dvalidir.
Akademik, Gürcüstanın sabiq mədəniyyət naziri Valeri Asatiani deyib ki, Çingiz Fərzəliyevin yaradıcılığı heyrətamiz mənzərələri, natürmortları və fəlsəfi xarakteri ilə seçilir.
“Zamanın pillələri ilə” sərgisi çərçivəsində Gürcüstanda nəşr olunan sərgiyə dair kataloq təqdim edilir.
Sərgidə, həmçinin Çingiz Fərzəliyevin müəllifi olduğu çoxsaylı nəfis nəşrlər, kitab və albomlar nümayiş etdirilir.
Ç.Fərzəliyev sərginin təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib. Bildirib ki, sərginin “Zamanın pillələri ilə” adlandırılması da təsadüfi deyil.
O deyib: “Biz son onilliklər ərzində bir çox dəyişikliklərin şahidi olduq. Bu hadisələr içərisində qürur duyacağımız və kədərləndirici hadisələr çox olub. Sərgidə də həmin dəyişiklikləri əks etdirən əsərlər təqdim olunur.
Qeyd olunub ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyinin və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə baş tutub.
Bildirilib ki, bu sərgi Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da genişlənməsinə və inkişafına töhfə verəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi