“AZƏRBAYCAN HAVA YOLLARI” DÖVLƏT KONSERNİ AVROPAYA DAHA BİR REYS AÇMIŞDIR
Apennin yarımadasına enmiş ilk Azərbaycan təyyarəsinin sərnişinlərini və Azərbaycan KİV-lərinin nümayəndələrini Milan hava limanında ölkəmizin İtaliyadakı səfiri Emil Kərimov və səfirliyin əməkdaşları, Milan meriyası turizm və ticarət şöbəsinin müdiri Kamillo Milko Pennisi, habelə İtaliya aviasiya idarəsinin üzvləri qarşılamışlar.
Mərasimdə çıxış edən səfir və meriya nümayəndələri bildirmişlər ki, hazırda ölkələrimiz arasında əmtəə dövriyyəsi bir milyard ABŞ dollarını keçmişdir. Lakin əlaqələri genişləndirmək üçün çoxlu imkan və ehtiyat var. Bakı-Milan reysinin açılması haqqında razılaşmanın həyata keçirilməsi yeni iqtisadi, habelə turizm sahəsində layihələrin gerçəkləşdirilməsi üçün yaxşı stimuldur. Bu məsələdə İtaliyanın təcrübəsinin Azərbaycan üçün böyük əhəmiyyəti var.
İndi Azərbaycanın müxtəlif idarə, nazirlik və konsernlərinin nümayəndələri İtaliyaya birbaşa səfər edə biləcəklər.
İlk mərhələdə “Azərbaycan Hava Yolları” Konserninin təyyarələri İtaliyaya həftədə iki dəfə uçacaqdır. İlk reysi Konsernin “A-319” aerobusu həyata keçirmişdir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin avqustunda Almaniyaya rəsmi səfəri zamanı AFR-ın keçmiş Kansleri Gerhard Şröderin iştirakı ilə “Azərbaycan Hava Yolları” Dövlət Konserni və “Airbus” şirkəti arasında “A-319” tipli 4 sərnişin təyyarəsinin alınması barədə müqavilə imzalanmışdı. Hazırda bu təyyarələrin ikisi alınmışdır. 122 sərnişinlik iki salonu olan bu rahat təyyarə uçuşun təhlükəsizliyini yüksək səviyyədə təmin etmək üçün müasir avadanlıq təchiz edilmişdir.