Azərbaycan həm region, həm də Avropa üçün ən önəmli ölkələr sırasına yüksəlmişdir
Bakı, 12 iyun (AZƏRTAC, Aidə Quluzadə). İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri, eyni zamanda, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) fəaliyyətdə olan sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə və Azərbaycan-TürkPA əlaqələri müzakirə edilmişdir.
Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, TürkPA regionda çox nüfuzlu bir təşkilatdır. Azərbaycanın bu qurum ilə əlaqələri həmişə yüksək səviyyədə olmuşdur. Sədr təşkilatın nüfuzunun beynəlxalq müstəvidə daha da artırılmasının vacibliyinə toxunmuşdur.
Azərbaycan-Türkiyə əlaqələrindən söz açan Oqtay Əsədov vurğulamışdır ki, hər iki ölkə bir-birinə qardaş münasibəti bəsləyir. Bunun nəticəsidir ki, ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni, təhsil və digər sahələrdə yüksək əlaqələr mövcuddur.
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 2 milyard dollardan çox olduğunu xatırladan sədr qeyd etmişdir ki, bu rəqəmi daha da artırmaq üçün yaxşı potensial vardır. Oqtay Əsədov məlumat vermişdir ki, növbəti 5-6 il ərzində Türkiyəyə 20 milyard sərmayə qoyulması gözlənilir. Sərmayə qoyuluşu qarşılıqlı şəkildə davam etdiriləcəkdir.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışmışdır.
TBMM-in sədri Cəmil Çiçək Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini demiş, eyni dildə danışan, eyni dini paylaşan ölkələrimizin bir-birinə qarşı daim yüksək hörmət, dostluq və qardaşlıq münasibəti bəslədiyini vurğulamışdır. Cəmil Çiçək bunun ölkələrarası siyasi, iqtisadi, mədəni və digər sahələrdəki əlaqələrin yüksək səviyyədə olmasına təkan verdiyini bildirmişdir. O, Türkiyənin Soma vilayətində yerləşən kömür mədənində baş vermiş faciəyə Azərbaycanın göstərdiyi həssaslığa görə ölkə rəhbərliyinə və Azərbaycan xalqına təşəkkürünü bildirmişdir.
Diqqəti Azərbaycanın həyata keçirdiyi enerji layihələrinə cəlb edən Cəmil Çiçək vurğulamışdır ki, Azərbaycan həm region, həm də Avropa üçün ən önəmli ölkələr sırasına yüksəlmişdir. Hər iki ölkənin daim bir-birini dəstəklədiyini deyən TBMM sədri xalqlarımızın birlik və qardaşlığının nümunə olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.