AZƏRBAYCAN İDMANINDA ƏDALƏT PRİNSİPLƏRİNİN QORUNMASI ÜÇÜN XÜSUSİ PROQRAM HAZIRLANIR
Səfər barədə AZƏRTAC-a məlumat verən Xəzər İsayev bildirmişdir ki, 36 ölkəni birləşdirən AƏOK-də yerli və beynəlxalq yarışlarda baş verən intizamsızlıq, hakimlərin çıxardığı qərəzli qərarlar, federasiyaların hakimlərə, məşqçi və idmançılara qarşı haqsızlıqları və digər ədalətsizliklərlə bağlı məsələlərə baxır. Azərbaycan 1998-ci ildən komissiyanın üzvüdür. Hazırda ölkəmizdə yarışların yüksək səviyyədə, ədalətli keçirilməsinə yardım məqsədi ilə xüsusi proqram hazırlanır və sənəd təsdiqlənməsi üçün dövlətimizin başçısı, MOK-un prezidenti İlham Əliyevə təqdim olunacaqdır.
MOK-un ədalətli oyunlar komissiyası həmin proqram əsasında Azərbaycanda idman sahəsində yaranan bir sıra problemlərin, o cümlədən yarışlarda təhqiredici ifadələrin işlədilməsi, qərəzli qərarlar, hakim, məşqçi və idmançılar arasında yaranan münaqişələr və sairə məsələləri araşdıracaq, idman ictimaiyyətinin maarifləndirilməsi işini diqqət mərkəzində saxlayacaqdır.
Komissiyanın növbəti plenumunun 2008-ci ildə Bakıda keçirilməsi üçün MOK-un rəsmi məktubunu AƏOK-nın prezidenti Karlos Konsalesə təqdim etdiyini və bununla bağlı artıq ilkin razılıq əldə olunduğunu diqqətə çatdıran Xəzər İsayev bildirmişdir ki, qurumun nümayəndələri Azərbaycanda olimpiya hərəkatı ilə yaxından tanış olmaq üçün gələn il Bakıya gələcəklər.