AZƏRBAYCAN İLƏ AVSTRİYANIN ŞTİRİYA ƏYALƏTİ ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Ştiriya İqtisadi Palatasının prezidenti Peter Mülbaxer ilə görüşdə Azərbaycan ilə Ştiriya arasında iqtisadi əlaqələrin inkişafı məsələləri müzakirə edilmiş, turizm, tikinti sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. İş adamları arasında işgüzar münasibətlərin genişləndirilməsi zərurətinin vurğulandığı görüşdə onların Azərbaycanda və Ştiriyada keçirilən sərgi və yarmarkalarda iştirakı imkanlarına toxunulmuş, gənc azərbaycanlı mütəxəssislərin əyalətdə təşkil edilən hazırlıq kurslarında iştirakına dair fikir mübadiləsi aparılmışdır.
Əyalətin qubernatoru Frants Voves ilə görüşdə səfir F.İsmayılov ölkəmizdəki mövcud vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Avstriya-Azərbaycan münasibətləri barədə məlumat vermişdir. Tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığa hazır olduqlarını bildirmişlər. Bundan əlavə, Azərbaycan ilə Ştiriya arasında mədəniyyət və təhsil sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin, qarşılıqlı mədəni tədbirlərin təşkilinin vacibliyi vurğulanmışdır.
Əyalətin paytaxtı Qrats şəhərində Avstriya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti Fərhad Abdin ilə görüşdə qurumun fəaliyyəti, bu ölkədəki diaspor təşkilatlarımızın əlaqələndirmə şurasının yaradılması, eləcə də Avstriya, xüsusilə də Ştiriya iş adamlarının ölkəmizə sərmayə qoymalarına təşviq edilməsindən söhbət açılmışdır.