AZƏRBAYCAN İLƏ BÖYÜK BRİTANİYA ARASINDA ƏLAQƏLƏRİN DAHA DA İNKİŞAFI ÜÇÜN YAXŞI ŞƏRAİT VARDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini deyən Brayan Fol, ölkələrimizin əməkdaşlığının gələcəkdə də davam etdirilməsi üçün münbit şəraitin mövcud olduğunu xüsusi vurğulamışdır. Azərbaycanın zəngin təbii ehtiyatlarının onun üçün əlverişli iqtisadi imkan yaratdığını bildirən qonaq, İngiltərə sərmayədarlarının respublikamıza daha çox cəlb edilməsinin vacibliyindən söz açmışdır.
Ölkələrimiz arasında əməkdaşlığa yüksək qiymət verdiyini bildirən nazir Elmar Məmmədyarov, iqtisadi əlaqələrin genişləndirilməsinə dair fikirlərlə razı olduğunu bildirmişdir. Nazir ingiltərəli sərmayədarların yalnız Azərbaycanın neft sektoruna deyil, qeyri-neft sektoruna da cəlb olunmasının əhəmiyyətini qonağın diqqətinə çatdırmışdır. Elmar Məmmədyarov görüşlər, konfranslar və digər tədbirlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi prosesinə müsbət təsir göstərəcəyinə əmin olduğunu demişdir. Yalnız iqtisadi sahədə deyil, siyasi sahədə də ölkələrimizin əlaqələrini yüksək qiymətləndirən nazir, gələcəkdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Böyük Britaniyanın dəstəyinə ümid bəslədiyini söyləmişdir.
Xüsusi nümayəndə Brayan Fol ölkəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının tərəfdarı olduğunu bildirərək, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqlarına inandığını vurğulamışdır. Britaniyalı qonaq Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu diqqətə çatdırmışdır.
Görüşdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Lorens Bristoun iştirak etmişdir.