AZƏRBAYCAN İLƏ GÜRCÜSTAN ARASINIDA DİPLOMATİK MÜNASİBƏTLƏRİN 10 İLLİYİ TBİLİSİDƏ QEYD EDİLDİ
Müstəqillik qazanandan sonra Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələr qurulmasının 10 illiyi münasibətilə Tbilisidəki David Saracaşvili adına Əyləncə və İstirahət Sarayında təntənəli mərasim keçirilmişdir.
Respublikamızın Tbilisidəki səfiri Hacan Hacıyev mərasimi açaraq, Azərbaycan Prezidenti Heydər Əliyevin iki dövlət arasında diplomatik əlaqələrin 10 illiyi münasibətilə Prezident Eduard Şevardnadzeyə göndərdiyi təbrik məktubunu oxudu, gürcü və Azərbaycan xalqlarının qədim tarixə malik dostluğunun ölkələrimizin başçılarının səyləri sayəsində ildən-ilə möhkəmlənməsindən, iqtisadi əlaqələrimizin genişlənməsindən, bunun gözəl bəhrələr verməsindən danışdı. O, Xəzərin Azərbaycan sektorunda hasil olunan neft və qaz dünya bazarlarına ixrac edəcək əsas boru kəmərlərinin məhz Gürcüstan ərazisindən keçməsi üçün dövlətimizin başçısının göstərdiyi xidmətləri xüsusi vurğuladı.
Səfir Azərbaycanın və Gürcüstanın düçar olduğu münaqişələrdən də söz açaraq, xalqlarımızın bu ağrılı probleminin Heydər Əliyev və Eduard Şevardnadze kimi dünya şöhrətli siyasi xadimlərin məqsədyönlü fəaliyyəti sayəsində tezliklə öz müsbət həllini tapacağına və ölkələrimizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin olduğunu söylədi.
Sonra Gürcüstan xarici işlər nazirinin birinci müavini Merab Antadze Prezident Eduard Şevardnadzenin ölkələrimiz arasında diplomatik münasibətlərin 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevə ünvanladığı təbrik məktubunu oxudu. O dedi ki, Gürcüstan dünyanın bir çox ölkələri ilə diplomatik münasibətlər yaratmışdır. Lakin onlardan heç biri ilə əlaqələr Azərbaycanla olduğu qədər geniş, səmimi və möhkəm deyildir. Bu, prezidentlər Eduard Şevardnadzenin və Heydər Əliyevin xidmətlərinin nəticəsidir. Cənab Antadze Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin Gürcüstandan keçməsi haqqında qərarlara görə Azərbaycan dövlətinin başçısına və bütün xalqımıza gürcü xalqı adından dərin minnətdarlığını bildirdi.
Qəbulda Gürcüstan Prezidentinin İcra Aparatının rəhbəri Petre Mamradze, milli məsələlər üzrə müşavir Aleksey Gerasimov, xarici ölkələrin Tbilisidə akkreditə olunmuş səfirləri, soydaşlarımızın nümayəndələri iştirak edirdilər.
Şahismayıl Məmmədov,
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi