Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələrin mövcud səviyyəsi məmnunluq doğurur
Bakı, 6 iyun (AZƏRTAC, Ülviyyə Məmmədli). İyunun 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın xarici işlər naziri Anifah Amanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, Elmar Məmmədyarov Malayziya xarici işlər nazirinin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini qeyd etmişdir.
Nazirlər iki ölkə arasında siyasi əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə etmiş, siyasi məsləhətləşmələr mexanizminin intensivləşdirilməsinin və müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulamışlar.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Malayziya tərəfinə minnətdarlığını bildirmişdir.
Elmar Məmmədyarov Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini, bir milyondan artıq Azərbaycan vətəndaşının öz doğma torpaqlarından qovulduğunu və işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı qanlı etnik təmizləmənin həyata keçirildiyini söyləmişdir. O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasının tələb edildiyi dörd qətnamənin qəbul olunduğunu, lakin rəsmi Yerevanın bu qətnamələrə məhəl qoymadığını diqqətə çatdırmışdır.
Görüşdə Azərbaycan ilə Malayziya arasında energetika, investisiyalar, turizm, mədəniyyət, informasiya və kommunikasiya texnologiyaları, elm, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılmış, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.