Azərbaycan ilə Niderland arasında əlaqələr müzakirə olunmuşdur
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Mir-Həmzə Efendiyev bu ölkənin parlamentində Senatın sədri xanım Anki Brokers ilə görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirilmişdir ki, M.Efendiyev müstəqilliyini bərpa etdikdən sonra Azərbaycandakı vəziyyətin köklü surətdə dəyişdiyini, siyasi və iqtisadi sabitliyin təmin olunduğunu bildirmişdir. Azərbaycanın bir vaxtlar donor yardımı alan ölkədən donor yardımı göstərən ölkəyə çevrildiyi, ölkədəki demokratik institutların uğurla fəaliyyət göstərdiyi, o cümlədən bir sıra mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyi diqqətə çatdırılmışdır.
Xanım A.Brokers Azərbaycanda son illərdə sürətlə artan iqtisadi-sosial inkişafdan xəbərdar olduğunu vurğulamışdır. O, Azərbaycan ilə Niderland arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi perspektivlərinə dair fikirlərini bildirmişdir. A.Brokers iki ölkə arasında yüksək səviyyəli səfərlər, keçirilən görüşlərin ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyətindən danışmışdır.
Səfir M.Efendiyev Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Niderland parlamentlərarası dostluq qrupunun fəaliyyətini, həmçinin Niderland Senatının keçmiş sədri Rene van der Lindenin istər həmin vəzifədə, istərsə də Senatın üzvü olaraq Bakıya çoxsaylı səfərlərini xatırlatmış, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən söz açmışdır. O, Azərbaycan ilə Niderland arasında keçirilmiş biznes və humanitar forumlar barədə ətraflı məlumat vermiş, növbəti biznes forumun Niderlandda keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır.
M.Efendiyev Azərbaycan diplomatiyasının başlıca uğuru kimi balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsini, ərazisinin 20 faizini işğal etmiş Ermənistandan başqa bütün digər qonşu dövlətlərlə münasibətlərin yüksək səviyyədə olduğunu, ölkəmizin heç bir hərbi-siyasi blokun üzvü olmadığını vurğulamışdır. O, təəssüflə qeyd etmişdir ki, Ermənistanın Azərbaycana 20 ildən artıqdır davam edən təcavüzünə və Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlamasına baxmayaraq, beynəlxalq birlik cinayət sayılan təcavüz faktına lazımi hüquqi qiymət verməmişdir.
Səfir, həmçinin Azərbaycanın Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə 2014-cü ilin may ayından etibarən Nazirlər Komitəsinə sədrliyi və növbəti 6 ay ərzində Avropa Şurasının üç aparıcı sahəsi - insan hüquqları, hüquq norması və demokratiya üzrə hədəflərinə xidmətləri barədə danışmışdır. O qeyd etmişdir ki, Azərbaycanın sədrliyi dövründə əsas prioritetlər Avropa Şurasının gündəliyindəki aktual məsələlər və üzv ölkələrin daim qarşılaşdığı çağırışlar olacaqdır.