AZƏRBAYCAN İLƏ RUSİYA ARASINDA STRATEJİ TƏRƏFDAŞLIQ, DOSTLUQ MÜNASİBƏTLƏRİ BARƏDƏ SƏNƏDLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
İclası Milli Məclisin sədri Murtuz Ələsgərov açaraq bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri zamanı iki dövlət arasında çox mühüm əhəmiyyəti olan bir neçə sənəd imzalanmışdır. Əvvəlcə, “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Moskva Bəyannaməsi” deputatlara təqdim edildi. Həmin sənəd barədə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası sədrinin müavini Gültəkin Hacıyeva məlumat verdi. Sonra sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli və Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri Ziyafət Əsgərov, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova bildirdilər ki, bu mühüm sənəd komissiyalarda müzakirə edilmiş və yekdilliklə bəyənilmişdir.
Müzakirələr zamanı deputatlar dedilər ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Moskva Bəyannaməsi” ölkələrimiz arasında siyasi, iqtisadi, sosial və humanitar sahələrdə əlaqələrin daha da genişlənməsinə yeni imkanlar açır. Bu sənədin çox mühüm cəhətlərindən biri də odur ki, Rusiya Federasiyası Azərbaycanın, eləcə də Cənubi Qafqazın bütün ölkələrinin ərazi bütövlüyünü tanıdığını bildirir və bizim regionda mübahisəli məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları, BMT-nin qətnamələri əsasında həll etməyin tərəfdarı olduğunu təsdiqləyir. Qeyd olundu ki, bu Bəyannamə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir.
Müzakirələrdən sonra Bəyannamə səsə qoyularaq yekdilliklə qəbul edildi.
Sonra deputatlar “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2004-2006-cı illər üçün humanitar sahədə əməkdaşlıq Proqramı” və “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında məxfi informasiyaların qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə məsələləri müzakirə etdilər. Hər iki sənəd yüksək qiymətləndirildi, səsə qoyularaq yekdilliklə qəbul edildi.
Parlamentin günün ikinci yarısında keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət rejimindən istisnaların mərhələli ləğv edilməsi haqqında” Protokolun, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin kompüter informasiyası sahəsində cinayətlərə qarşı mübarizədə əməkdaşlığı haqqında” Sazişin, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında” Sazişin və “İqtisadi Əməkdaşlıq Təşkilatının ticarət əməkdaşlığı haqqında Çərçivə Sazişi”nin təsdiq edilməsi barədə məsələlər müzakirə edildi. Həmin sənədlər barədə ətraflı məlumat verilərək bildirildi ki, bu məsələlər komissiyalarda ətraflı nəzərdən keçirilmiş və bəyənilmişdir. Sənədlər səsə qoyularaq yekdilliklə qəbul edildi.
Milli Məclis konvensiyalarla bağlı sənədlərə münasibətini bildirdikdən sonra daxili qanunlar barədə gündəliyə salınmış məsələləri müzakirə etdi. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi” və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi” barədə məsələlər nəzərdən keçirildi. Hər iki məsələ barədə deputatlara ətraflı məlumat verildi. Qeyd olundu ki, müvafiq komissiyalarda bu məsələlər müzakirə olunmuş, təklif olunan dəyişiklik və əlavələr bəyənilmişdir. Deputatların mülahizələri öyrənildikdən sonra hər iki məsələ səsə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin iclası başa çatdırdı.