Azərbaycan ilə Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir
Bakı, 6 iyun (AZƏRTAC). İyunun 6-da Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəttah Heydərov iki ölkə arasındakı tarixi əlaqələrdən söhbət açmışdır. O bildirmişdir ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir və qarşılıqlı səfərlər bu əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayır.
Fəttah Heydərov Səudiyyə Ərəbistanının müxtəlif beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi Bakının haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirmişdir.
Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq qrupunun sədri Abdulla bin Məhəmməd əl-Nasir parlamentlərarası əlaqələrin iki ölkə arasındakı münasibətlərin genişləndirilməsində oynadığı roldan danışmışdır. O vurğulamışdır ki, bizim münasibətlərimiz, eyni zamanda, ortaq dini köklərə söykənir. Eyni dinə məxsus xalqlar arasında möhkəm dostluq və qardaşlıq əlaqələri mövcuddur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq Səudiyyə Ərəbistanının daim sülhün tərəfdarı olduğunu və Azərbaycanı hər zaman dəstəklədiyini demişdir. O qeyd etmişdir ki, Səudiyyə Ərəbistanı ermənilərin Azərbaycanda törətdikləri qanlı terror aktlarını qətiyyətlə pisləyir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.