İQTİSADİYYAT
Azərbaycan ilə Türkiyə arasında İKT sahəsində əməkdaşlıq yüksək səviyyədədir
İstanbul, 13 sentyabr (AZƏRTAC). Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov İstanbulda keçirilən “CeBIT Bilişim Avrasiya 2014” beynəlxalq sərgisinin əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüb. O deyib ki, İKT sahəsində Azərbaycanda təşkil olunan ən böyük sərgi “Bakutel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi, Türkiyədə isə “CeBIT Bilişim Avrasiya”dır. Tərəflər bu sərgilərdə qarşılıqlı olaraq fəal iştirak edirlər. İstanbuldakı sərgidə qurulmuş Azərbaycan milli pavilyonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İKT sahəsində fəaliyyət göstərən dövlət qurumları və özəl şirkətlər ölkəmizdə qazanılmış nailiyyətlərin tanıdılması üçün yeni imkanlar əldə ediblər. O cümlədən xarici şirkətlərin yenilikləri ilə bağlı məlumatların toplanılması və bu yeniliklərin ölkəmizdə tətbiq edilməsi üçün təmsilçi qurumlarla vasitəçilər olmadan birbaşa əlaqələr qurulur.
Xatırladaq ki, sentyabrın 14-dək davam edəcək sərgidəki Azərbaycan milli pavilyonunda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərkosmos” ASC, “Yüksək Texnologiyalar Parkı” MMC, “Azercell”, “Bakcell”, “Sinam”, “RİSK” şirkətləri də daxil olmaqla 16 qurum təmsil olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul