Azərbaycan ilə Türkiyə arasında toxumçuluq sahəsində əlaqələr genişlənir
Bakı, 6 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Türkiyənin Toxum Sənayesi və İstehsalçıları Birliyinin (TSÜAB) nümayəndələri, eləcə də qardaş ölkənin dənli bitkilər (buğda, arpa, yulaf və s.), sənaye bitkiləri (günəbaxan, qarğıdalı, pambıq və s.) toxumu və digər toxum istehsalı sahəsində fəaliyyət göstərən 24 firmasının təmsilçiləri Azərbaycanda səfərdədirlər.
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da Bakıda Azərbaycan ilə Türkiyə arasında toxumçuluq sahəsinin inkişafı məsələləri və qardaş ölkə nümayəndə heyətinin səfər zamanı keçirdiyi görüşlərlə bağlı mətbuat konfransı keçirilmişdir.
TSÜAB-ın idarə heyətinin sədri İlhami Özcan Aygün bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında toxumçuluq sahəsində əlaqələr genişlənir. Türkiyə Azərbaycanda toxumçuluq sahəsində yeni texnologiyaların tətbiqinə və toxumçuluq sisteminin yenidən qurulmasına, ümumiyyətlə, toxumçuluğun inkişafına dəstək verəcəkdir.
Hazırda Türkiyənin dünyanın 68 dövlətinə toxum ixrac etdiyini bildirən TSÜAB-ın idarə heyətinin sədri ölkəsində 500 toxumçuluq şirkətinin fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, xaricə toxum ixracımızın həcmi 100 milyon dollar təşkil edir. Gələcəkdə bu rəqəmin 500 milyon dollara çatdırılması nəzərdə tutulmuşdur. Hazırda toxum ticarətində Türkiyə dünyada 10-cu yerdədir.
Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirmişdir ki, Türkiyə nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycanda toxumçuluğun inkişafına öz töhfəsini verəcəkdir. Azərbaycanda toxumçuluğun daha da inkişaf etdirilməsi üçün bir sıra layihələrin həyata keçirilməsinin planlaşdırıldığını deyən nazir müavini, bu sahədə yeni texnologiyaların tətbiqinin vacibliyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, gələcəkdə bu sahə ilə bağlı sənədlərin imzalanması, Azərbaycanda iki qardaş ölkənin birgə toxumçuluq müəssisələrinin yaradılması diqqət mərkəzindədir. Bu, hər iki ölkənin toxumçuluğunun daha da inkişafına təkan verəcəkdir.
Məlumat verilmişdir ki, səfər zamanı Türkiyə nümayəndə heyəti Azərbaycanda bu sahə ilə məşğul olan şirkətlərin nümayəndələri ilə məhsuldar görüşlər keçirmişdir.
B.Əliyev diqqətə çatdırmışdır ki, Azərbaycanda toxuma olan tələbat 156 min tondur. Demək olar ki, ölkəmiz bu tələbatı özü ödəyir. Bununla bərabər, bu sahənin inkişafı vacibdir. Azərbaycanda toxumçuluğun inkişafı üçün böyük potensial vardır. Bu sahədə yeni texnologiyaların tətbiqi Azərbaycanı toxum ixrac edən ölkəyə çevirəcəkdir.
Türkiyənin İqtisadiyyat Nazirliyinin təmsilçisi Tayfun Kılıç, Ərzaq, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin təmsilçisi Mətin Kaycıoğlu tədbirdə iştirak etmişlər.
######
