SİYASƏT
Azərbaycan-İndoneziya parlamentlərarası münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

Bakı, 22 sentyabr, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakı iclasında iştirak edən İndoneziya Nümayəndələr Palatasının Parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Fadli Zon ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Assambleyanın daimi komitəsinin iclasında müzakirə olunan məsələlərin aktuallığı vurğulanıb, APA-nın Asiya dövlətlərinin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində vacib rolu qeyd edilib.
Görüşdə Azərbaycan ilə İndoneziya arasında münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə olunub. Bildirilib ki, Azərbaycan və İndoneziya bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda sıx əməkdaşlıq edirlər.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələri bir sıra sahələrdə olduğu kimi, qanunvericilik orqanları arasında da uğurla inkişaf edir. Sahibə Qafarova xüsusilə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi çərçivəsində əməkdaşlığı qeyd edib, İndoneziyanın Şəbəkənin Madriddə keçirilən təsis konfransında, həmçinin Bakı Konfransında təmsil olunduğunu vurğulayıb. O, eyni zamanda, Milli Məclisin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunmasını xatırladaraq, bu təşkilat çərçivəsində də əlaqələrin əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Sahibə Qafarova İndoneziyaya səfəri, bu ölkədən olan həmkarı ilə görüşləri barədə də fikirlərini bölüşüb.
Qonaq, həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən sonra regionda yaranmış vəziyyət və görülən işlər barədə məlumatlandırılıb.
İndoneziya Nümayəndələr Palatasının komitə sədri Fadli Zon APA-nın tədbirinin yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanla bir çox sahələrdə münasibətlərin daha da inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib. Fadli Zon bu əlaqələrin parlamentlərimiz arasında da uğurla davam etdirildiyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.