Azərbaycan-İordaniya parlamentlərarası əlaqələrinə dair fikir mübadiləsi aparılıb
Əmman, 5 noyabr, AZƏRTAC
İordaniya parlamentinin yuxarı palatasının yeni sədri Feysal Əl-Faizin Azərbaycanın bu ölkədəki səfiri Sabir Ağabəyov ilə görüşündə ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə səfir Azərbaycan ilə İordaniya arasında diplomatik əlaqələrin 1992-ci ildə ulu öndər Heydər Əliyev və Kral Hüseyn tərəfindən qoyulduğunu xatırladıb. Bu əlaqələrin inkişaf etdirilməsində Prezident İlham Əliyevin və Kral II Abdullahın mühüm xidmətlərinin olduğu diqqətə çatdırılıb.
Səfir dövlət başçılarımız və xalqlarımız arasındakı dostluq münasibətlərinin əhəmiyyətini vurğulayıb, Azərbaycanın haqlı mövqeyinin İordaniya tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini qeyd edib. O, dövlət başçıları arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına töhfəsini verdiyini bildirib. Diplomat Azərbaycanın ərəb və İslam ölkələri, xüsusilə İordaniya ilə dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu, hazırda bir çox sahələrdə İordaniya-Azərbaycan əməkdaşlığının mövcudluğunu bildirib. Azərbaycanın tolerant ölkə olduğu və müstəqilliyini bərpa edəndən sonra qısa müddət ərzində siyasi plüralizmə əsaslanan demokratik sistemin, azad bazar prinsiplərinə əsaslanan iqtisadiyyatın əsasının qoyulduğu vurğulanıb. Azərbaycan rəhbərliyinin uzaqgörənliyinin, yüksək siyasi səriştəsinin nəticəsi olaraq ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyətinə əsaslanan institutların quruculuğunun həyata keçirildiyi qeyd edilib. Prezident İlham Əliyevin ölkədə qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyi və nəticədə Azərbaycanın idxalatçı ölkədən ixracatçı ölkəyə çevrildiyi diqqətə çatdırılıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir İordaniya Senatının Xocalı soyqırımı ilə bağlı qəbul etdiyi bəyanata görə minnətdarlığını bildirib.
Feysal Əl-Faiz ölkələrimizin qanunverici orqanları arasında əlaqələrdən məmnunluğunu ifadə edib. O, İordaniyanın Azərbaycanın mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb, mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün çalışacağını bildirib.
Görüş İordaniya KİV-ləri (“Əl-Ğəd”, “Əl-Dustur” qəzetləri və “Petra” xəbər agentliyi) tərəfindən işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman