CƏMİYYƏT
Azərbaycan iqlim dəyişikliyi gündəliyi və onunla mübarizədə ən yaxşı ölkələr sırasındadır
Bakı, 1 oktyabr, AZƏRTAC
Hazırda dünyada əhalinin 10 faizi aclıq vəziyyətində yaşayır. Həmin rəqəm gündən-günə artmaqdadır. Qlobal temperatur 4 dərəcə artarsa, biz 2 milyarda yaxın insanın aclıq vəziyyətinə düşməsini görə bilərik. İqlim dəyişikliyi daşqınlara, quraqlıqlara səbəb olur. Həmçinin kənd təsərrüfatında məhsuldarlığı azaldır, icmaların həssaslığını artırır. Çünki onlar sudan və qidadan asılıdır.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW 2024) ikinci günündə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhətçi Qrupunun (CGIAR) icraçı direktoru İsmahane Elouafi deyib.
O bildirib ki, su çatışmazlığı 2050-ci ilə qədər daha da kəskin olacaq: “Bu, sözsüz ki, kənd təsərrüfatına təsir edəcək, çünki həmin sahə suvarmadan asılıdır. İqlim dəyişikliyi qlobal su tsikllərinin dəyişməsinə səbəb olub. Odur ki, kənd təsərrüfatında suyun istifadəsi ədalətli şəkildə olmalıdır”.
“Azərbaycan iqlim dəyişikliyi gündəliyi və onunla mübarizədə ən yaxşı ölkələr sırasındadır. Azərbaycanı, COP29 sədrliyini qida, su və torpaq sistemlərinə yeni yanaşmaların ortaya qoyulmasında böyük səylər göstərdiyinə görə təbrik edirəm”, - deyə CGIAR-ın icraçı direktoru əlavə edib.