AZƏRBAYCAN İQTİSADİYYATI SÜRƏTLƏ İNKİŞAF EDƏN DÜNYA ÖLKƏLƏRİ SIRASINDADIR
Dou Consun yaydığı xəbərdə deyilir:
- Almaniya iqtisadiyyatının Şərq Komissiyası alman firmalarını Qafqazda daha güclü fəaliyyətə istiqamətləndirir. Niyyət yerli bazarın cəlbediciliyindən məqsədyönlü şəkildə istifadə etməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri ilə bağlı Siemens Səhmdar Cəmiyyəti (Siemens AG) İdarə heyətinin və Şərq Komissiyası rəyasət heyətinin üzvü Rudi Lamprext bəyan etmişdir ki, “Azərbaycan dinamik inkişafda olan bazara malikdir”.
Lamprext əmin olduğunu bildirmişdir ki, Azərbaycanın iqtisadi inkişafının aktual fazasında alman müəssisələri güclü tərəfdaş kimi çıxış etməyə başlayacaqlar. Lamprext Şərq Komissiyasının adından verdiyi bəyanatda demişdir ki, “Almaniyadan olan sahibkarlar Azərbaycan bazarının cəlbedici olduğunu qəbul etmişlər”. Əsas potensial elektrik enerjisinin istehsalı və paylanması, maşın və avadanlıqların qurulması, yüngül sənaye, informasiya texnologiyası və telekommunikasiya, təhlükəsizlik texnikası və aqrar iqtisadiyyat sahələrində cəmləşmişdir.
Şərq Komissiyası çərşənbə günü Berlində Azərbaycan Prezidenti və Alman sahibkarları üçün kiçik dairədə işgüzar şam yeməyi təşkil etmişdir. Azərbaycan Prezidenti həmin tədbirdə ölkəsinin iqtisadi siyasətinin əsas hədəflərini açıqlamış, alman müəssisələri isə Qafqaz respublikası ilə bağlı öz layihələrinİ təqdim etmişlər.
Şərq Komissiyası bildirmişdir ki, Azərbaycan son illərdə ümumi daxili məhsulu hər il 10 faizdən çox artan və sürətlə inkişaf edən xalq təsərrüfatına malik dünya ölkələri sırasındadır. Almaniya ilə Azərbaycan arasında ötənilki ticarət dövriyyəsi 383 milyon avroya bərabər olmuşdur. Alman müəssisələrinin, 2002-ci il də daxil olmaqla, Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayə 179 milyon avro təşkil etmişdir.