Azərbaycan-İraq parlamentlərarası əlaqələri müzakirə edilib
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Milli Məclis sədrinin müavini Fəzail İbrahimli ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salihinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Fəzail İbrahimli bu səfərin Azərbaycan xalqı üçün əlamətdar dövrə təsadüf etdiyini deyib. Qeyd edib ki, Azərbaycan xalqı öz suverenliyini tam bərpa etməyin sevincini yaşayır.
Milli Məclis sədrinin müavini xalqlarımızı bir-birinə bağlayan tarixi, dini, mədəni dəyərlərdən söz açıb, Azərbaycan və İraq arasında əlaqələrin yüksək səviyyədə olmasından danışıb.
Ölkələrimizin parlamentləri arasındakı münasibətlərə toxunan Fəzail İbrahimli bu sahədə Milli Məclisin İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun xüsusi rolunu qeyd edib.
Görüşdə çıxış edən İraq Respublikası Nümayəndələr Şurasının İnsan haqları komitəsinin sədri Ərşad Rəşad Əl-Salih ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Eyni zamanda, İraqın seçki sistemi, parlamentin fəaliyyət prinsipləri barədə məlumat verib.
Söhbət zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.