Azərbaycan-İtaliya münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilib - ŞƏRH
Bakı, 5 may, AZƏRTAC
Məlum olduğu kimi, İtaliya ilə Azərbaycan arasında münasibətlərin əsası ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra, XX əsrin sonlarında qoyulub. İlk diplomatik təmaslar qısa müddət ərzində formalaşaraq qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mühitinə çevrilib. Bu əlaqələr ilkin mərhələdən etibarən xüsusilə enerji və iqtisadi sahələrdə ortaq maraqlar üzərində inkişaf etməyə başlayıb. Bu gün İtaliya ilə Azərbaycan arasında siyasi əlaqələr yüksək səviyyədədir və İtaliya Avropanın aparıcı dövlətləri sırasında Azərbaycanın ilk strateji tərəfdaşlarından biri kimi çıxış edir. Xüsusilə enerji sahəsində əməkdaşlıq strateji xarakter alıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
O qeyd edib ki, müstəqilliyin ilk illərində, xüsusilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan-İtaliya münasibətləri sistemli və strateji xarakter almağa başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu əlaqələr daha da dərinləşərək çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində İtaliya Azərbaycanın Avropadakı əsas enerji tərəfdaşlarından birinə çevrilib.
“Azərbaycanda həyata keçirilən irimiqyaslı layihələrdə İtaliya şirkətləri fəal iştirak edir. İşğaldan azad olunmuş ərazilərdə, eləcə də Mingəçevir şəhərində icra olunan layihələrdə İtaliya şirkətlərinin iştirakı bu əməkdaşlığın praktiki nəticələrini göstərir. Həmçinin Zəfər muzeylərinin və müxtəlif memorial layihələrin hazırlanmasında İtaliya şirkətləri yaxından iştirak ediblər. Azərbaycan-İtaliya əməkdaşlığı yalnız iqtisadi sahə ilə məhdudlaşmır. Onu demək vacibdir ki, Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafında İtaliya mühüm rol oynayır.
Bundan başqa, hərbi-texniki sahədə də iki ölkə arasında ciddi və davamlı əməkdaşlıq mövcuddur. Son dövrlərdə Azərbaycan müdafiə nazirinin İtaliyaya səfəri, Hərbi Hava Qüvvələri üçün yük təyyarələrinin alınması və digər texniki istiqamətlərdə əməkdaşlıq bu münasibətlərin strateji mahiyyətini daha da gücləndirir. Eyni zamanda, mədəniyyət və təhsil sahəsində də yaxın əməkdaşlıq formalaşıb. Azərbaycanda fəaliyyət göstərən İtaliya universiteti və burada artıq 500-dən çox tələbənin təhsil alması humanitar əlaqələrin yeni mərhələyə keçdiyini göstərir”, - deyə Nadir Azəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu geniş əməkdaşlıq fonunda İtaliyanın Baş naziri Ciorcia Meloninin Ermənistana səfərindən sonra birbaşa Azərbaycana gəlməsi regional siyasi kontekst baxımından diqqətçəkən məqamdır: “Onun həm İrəvanda, həm də Bakıda səsləndirdiyi sülh və sabitlik mesajları Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların İtaliya tərəfindən daha praqmatik şəkildə dəyərləndirildiyini göstərir. Nəticə etibarilə, Azərbaycan-İtaliya münasibətləri təkcə enerji sahəsi ilə məhdudlaşmayan, eyni zamanda, siyasi, iqtisadi, hərbi-texniki və humanitar istiqamətləri əhatə edən çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilib və gələcəkdə daha da dərinləşmək potensialına malikdir”.