AZƏRBAYCAN KOSOVONUN MÜSTƏQİLLİYİNİ TANIMIR
Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquqa ziddir. Buna görə də Azərbaycan Kosovonun müstəqilliyini tanımır.
AZƏRTAC xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim fevralın 18-də keçirdiyi ənənəvi mətbuat konfransında demişdir. O əlavə etmişdir ki, Kosovonun müvəqqəti özünü idarəetmə orqanının Serbiyadan ayrılmaq haqqında qəbul etdiyi qərar beynəlxalq hüquqa ziddir. Heç bir dövlət Kosovonun müstəqilliyini tanımayıb və onunla diplomatik əlaqələr yaratmayıb.
Xəzər İbrahim diqqətə çatdırmışdır ki, Kosovo məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç vaxt presedent ola bilməz.
Məsələ ilə bağlı müxtəlif ölkələrin fərqli mövqelərinin olduğunu bildirən mətbuat katibi demişdir ki, Azərbaycan bu məsələdə öz milli maraqlarına və beynəlxalq hüquqa söykənir.