İQTİSADİYYAT
Azərbaycan MDB ölkələri arasında ən yüksək nəticəyə malikdir
Bu il Azərbaycan rəqabətlilik reytinqinə görə 144 dövlət arasında 38-ci yerdədir. 2013-2014-cü il hesabatında isə Azərbaycan 148 ölkə arasında 39-cu yeri tutmuşdu. Ölkəmiz MDB ölkələri arasında yenə ən yüksək nəticəyə malik olub.
Azərbaycan Marketinq Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizdə aparılan uğurlu iqtisadi islahatların və inkişaf tempinin öz əksini tapdığı bu indeksə görə, Azərbaycan 7 xallıq şkala üzrə 4,53 xal toplayıb. Hesabata əsasən, ölkəmiz Avropadan İtaliya (49-cu yer), Polşa (43-cü yer), Rumıniya (59-ci yer), eləcə də qonşu ölkələrdən Türkiyə (45-ci yer), Gürcüstan (69-cu yer) və İranı (83-cü yer) qabaqlayıb. Həmçinin Azərbaycan Litva (41-ci yer) və Latviyanı (42-ci yer) da arxada qoyub.
“Qlobal Rəqabətlilik Hesabatı 2014—2015” nəşrinə görə, dünyanın ən rəqabətqabiliyyətli ölkəsi isə İsveçrədir. İlk beşliyə daxil olan digər ölkələr Sinqapur, ABŞ, Finlandiya və Almaniyadır.