ELM VƏ TƏHSİL
AZƏRBAYCAN MƏKTƏBLƏRİNİN PEDAQOJİ KADRLARLA TƏMİN EDİLMƏSİ ÜÇÜN
Dövlət müstəqilliyini bərpa etdikdən sonra Gürcüstanın ağır iqtisadi böhran keçirməsi ilə əlaqədar, təəssüf ki, vətəni tərk edən Azərbaycanlılar arasında orta məktəb müəllimləri də az olmadı. Odur ki, soydaşlarımızın yığcam yaşadıqları Borçalı bölgəsində pedaqoji kadrlara böyük ehtiyac duyuldu.
Azərbaycanlı ziyalılar Tbilisidəki ali məktəblərin, ilk öncə, Sulxan-Saba Orbeliani adına Dövlət Pedaqoji Universitetinin Marneuli şəhərində filialının açılması üçün Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə müraciət etdilər. Ölkə rəhbəri bu müraciəti və bölgənin maliyyə imkanlarını nəzərdən keçirərək, həmin universitetin Marneulidə filialının açılmasını məqsədəuyğun hesab etdi və bu barədə xüsusi sərəncam verdi.
1999-cu ildən Tbilisi Dövlət Pedaqoji Universiteti Marneuli filialının gürcü dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif pedaqogikası və metodikası, tarix, hüquqşünaslıq, informatika və ingiliş dili, biologiya və kimya, riyaziyyat üzrə əyani və qiyabi fakültələri fəaliyyət göstərir və burada 300 tələbə 10 ixtisas üzrə təhsil alır.
Filialın direktoru texnika elmləri namizədi Novruz Bayramov AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində dedi ki, TDPU-nun Marneuli filialının yaradılmasında və onun lazımi avadanlıqla, tədris vəsaiti ilə təmin edilməsində prezidentlər Eduard Şevardnadzenin, Heydər Əliyevin ilk günlərdən böyük köməyi oldu. Biz dövlətlərimizin başçılarının qayğısını daim hiss edirik və yüksək qiymətləndiririk.
Xatırladaq ki, Marneuli şəhərində TDPU-nun filialı ilə yanaşı, Tbilisi Dövlət Universitetinin və Aqrar Universitetinin filialları da fəaliyyət göstərir.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Marneuli