AZƏRBAYCAN MEMARLARI MÜKAFATLANDIRILMIŞLAR
Azərbaycanı bu forumda Memarlar İttifaqının vitse-prezidenti, əməkdar memar, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) vitse-prezidenti Elbəy Qasımzadə təmsil etmişdir.
Forumun proqramında “İlin ən yaxşı tikilisi”, “İlin ən yaxşı layihəsi” və “Ən yaxşı memarlıq nəşrləri” nominasiyalarında baxış-müsabiqə nəzərdə tutulmuşdu.
400-dən çox layihənin təqdim olunduğu “İlin ən yaxşı tikilisi” nominasiyasında “AZOREL” şirkətinin sifarişi ilə “El@EN” layihə firmasının memarları E. Qasımzadə, N. Vəliyev və R. Baybekovun layihəsi əsasında Bakının Yasamal rayonunda tikilmiş “Kottecli QRAND PARK” qəsəbəsi” I dərəcəli diploma layiq görülmüşdür.
“Ən yaxşı memarlıq nəşri” nominasiyasında Qran–prini “Abşeron memarlığı” monoqrafiyasına görə AMEA-nın müxbir üzvü, ŞÖBMA-nın Prezidenti Şamil Fətullayev, II dərəcəli diplomu isə ŞÖBMA-nın ensiklopedik toplusu almışdır.
Forum çərçivəsində BMİA üzvü olan ölkələrin memarlarının əsərlərindən ibarət daimi səyyar sərgi keçirilmişdir. Burada Azərbaycan memarlarının əsərləri də təmsil olunmuşdur.
Bişkekdə Memarlıq günləri BMİA-nın Əlaqələndirmə Şurasının iclası ilə başa çatmışdır. İclasda Qırğızıstan Memarlar İttifaqının sədri A. Alseyidov Assosiasiyanın yeni prezidenti, Moldova Memarlar İttifaqının sədri V.Modırko isə vitse-prezidenti seçilmişdir.
Xatırladaq ki, Azərbaycan Memarlar İttifaqı BMİA-nın təsisçisi və ilk rəhbərlərindən biri olmuşdur.
Başa çatmış forumun yekunları Azərbaycan memarlarının 2005-ci ilin aprelində keçiriləcək növbəti qurultayının uğurlu olacağından xəbər verir. Qurultay Azərbaycan Memarlar İttifaqının 70 illiyinə və görkəmli Azərbaycan memarı akademik M. Hüseynovun 100 illiyinə təsadüf edəcəkdir.