AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ İLLİK ÜMUMİ YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilmişdir.
Foyedə akademiyanın ayrı-ayrı institutlarının elmi işlərinin nəticələrini əks etdirən sərgi təşkil olunmuşdu.
Yığıncaqda, əvvəlcə, hesabat dövründə dünyasını dəyişmiş alimlərin xatirəsi yad edilmişdir.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov yığıncağı açaraq demişdir ki, respublikamızda ali elmi qurum olan Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatı yalnız elmi-mədəni sferada deyil, bütövlükdə ölkəmizin sosial-ictimai həyatında əlamətdar hadisədir. Sevindirici haldır ki, illik hesabat xalqımızın ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar respublika miqyasında keçirilən təntənəli tədbirlərlə eyni vaxta təsadüf edir. Akademiyanın əldə etdiyi bir çox uğurlar, nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Akademiyanın 2007-ci ildə əldə etdiyi mühüm elmi nəticələr, təqdim olunmuş proqram və layihələr ulu öndərimizin memarı olaraq qurduğu müstəqil ölkəmizin dinamik sosial-iqtisadi və mədəni-mənəvi inkişafının məntiqi nəticəsi və təzahürüdür.
Respublikamızda əldə edilmiş sosial-iqtisadi tərəqqinin əsasında, başlıca olaraq, ölkənin təbii resursları ilə intellektual potensialını vəhdətdə istifadəyə səfərbər edən rasional dövlət siyasəti dayanır. Bunun nəticəsidir ki, bütün digər sahələrlə yanaşı, elmin, mədəniyyətin, təhsilin inkişafında da irəliləyiş və inkişaf fasiləsiz xarakter almışdır. İndi ölkədə elmin inkişafı dövlətin əsas strateji məqsədlərindən biridir.
Prezident İlham Əliyevin “Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında” 2008-ci il 10 aprel tarixli Sərəncamını xatırladan M.Kərimov vurğulamışdır ki, elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsində, ölkənin elmi kadr potensialının artırılmasında, alimlərimizin sosial müdafiəsinin gücləndirilməsində bu Sərəncam mühüm rol oynayacaqdır. Bütün bunlarla yanaşı, bu sənəd, ilk növbədə, alimlərimiz qarşısında mühüm vəzifələr qoyur. Biz öz intellektual potensialımızı səfərbər etməli, həmçinin dünyanın inkişaf etmiş ölkələrinin elmi-təşkilati təcrübəsindən yaradıcı şəkildə faydalanaraq Sərəncamda nəzərdə tutulan məqsədlərin həyata keçirilməsinə nail olmalıyıq.
AMEA-nın akademik-katibi vəzifəsini icra edən akademik Vaqif Fərzəliyev qurumun 2007-ci ildəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzəçi qeyd etmişdir ki, respublikanın sürətli sosial-iqtisadi və elmi-mədəni inkişafına müvafiq olaraq, Azərbaycan Milli Elmlər Akademiyası da ötən il xeyli uğur qazanmış, öz elmi potensialı ilə bu inkişafda yaxından iştirak etmişdir. Bildirilmişdir ki, 2007-ci il AMEA üzvlərinin və Rəyasət Heyətinin yeni seçkilərinin keçirilməsi ilə əlamətdar olmuşdur. Ötən il aprelin 26-27-də keçirilmiş seçkilərdə müxtəlif elm sahələri üzrə 16 akademik və 36 müxbir üzv, Rəyasət Heyətinin 13 nəfərdən ibarət yeni tərkibi seçilmişdir.
Hər il olduğu kimi, 2007-ci ildə də ölkəmizin başçısı akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması, ayrı-ayrı alimlərin təltif olunması, elmi tədqiqat müəssisələrinin işinin stimullaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzalamışdır.
Bu sərəncamlar Azərbaycan elminin inkişafında xüsusi xidməti olan alimlərin əməyinə dövlətimizin başçısı tərəfindən verilmiş yüksək qiymətin, respublikamız üçün prioritet hesab olunan elm sahələrinin inkişafının stimullaşdırılmasının, gənc alimlərə və tələbələrə böyük qayğının təzahürüdür. Eyni zamanda, xüsusi elmi məktəblər yaratmış AMEA-nın yaşlı əməkdaşlarının təcrübəsindən daha səmərəli istifadə olunması məqsədi ilə də bir sıra təşkilati tədbirlər həyata keçirilmişdir.
Bildirilmişdir ki, hesabat ilində akademiyanın elmi müəssisələrində 136 problem, 453 mövzu üzrə tədqiqatlar aparılmış və 140-a yaxın mühüm elmi nəticə alınmışdır. Həmçinin müxtəlif nazirliklər və dövlət şirkətləri nəzdində fəaliyyət göstərən elmi mərkəzlər tərəfindən aparılan tədqiqatlar da əlaqələndirilmişdir. Respublikanın bütün nazirlik və dövlət şirkətləri 2007-ci ildə yerinə yetirdikləri elmi-tədqiqat işlərinin hesabatını Azərbaycan Milli Elmlər Akademiyasına təqdim etmişlər.
Vaqif Fərzəliyev bildirmişdir ki, AMEA-nın tərkibi 182 üzvdən ibarətdir. Onların 66-ı həqiqi üzvlərdir. Qurumun elmi müəssisələrində, idarə və təşkilatlarında çalışan əməkdaşların ümumi sayı 9509 nəfərdir. Bilavasitə elmi işçilərin sayı 4687-dir. 2007-cı ildə aspiranturaya 177 nəfər (155 əyani və 22 qiyabi) qəbul olunmuşdur. Bəzi institutlar aspiranturada müsabiqəni təşkil edə bilməmiş və nəticədə təsdiq olunmuş planı yerinə yetirə bilməmişlər. Beləliklə, akademiya üzrə istifadə olunmamış 47 yer qalmışdır. Hazırda aspiranturada 632 nəfər aspirant təhsil alır. Onlardan 3 nəfəri xarici vətəndaşdır. Hesabat ilində 22 doktorluq və 146 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 2008-ci ilin əvvəlinə olan məlumata görə, AMEA-nın elmi müəssisələrində 1080 dissertant vardır ki, onlardan 204 nəfəri əcnəbilərdir.
Akademik beynəlxalq elmi əlaqələrin xeyli genişləndiyini, bir sıra xarici ölkələrin elmi müəssisələri ilə müvafiq müqavilələr imzalandığını diqqətə çatdırmış və məlumat vermişdir ki, AMEA-nın 470-ə yaxın əməkdaşı müxtəlif xarici ölkələrdə elmi ezamiyyətlərdə olmuş, 125 konfransda, 130 simpoziumda və 120 seminarda iştirak etmişlər.
Beynəlxalq təşkilatların xətti ilə, o cümlədən NATO ilə 30-dan artıq, YUNESKO və İNTAS ilə 50-ə yaxın müştərək layihələr hazırlanıb təqdim olunmuşdur. AMEA-nın alimləri bir sıra beynəlxalq təşkilatların, o cümlədən NATO, YUNESKO, İNTAS, Amerika Mülki Araşdırmalar Fondu və başqalarının qrant müsabiqələrində iştirak etmiş, ümumi məbləği 2,3 milyon manat olan 70-ə yaxın qrant almışlar.
Məruzə ətrafdında müzakirələrdə akademiklər Əli Abbasov, Əhliman Əmiraslanov, Abel Məhərrəmov, İsa Həbibbəyli, Siddiqə Məmmədova, AMEA-nın müxbir üzvü Asəf Hacıyev çıxış etmişlər. Onlar 2007-ci ildə AMEA-nın idarəetmə və təşkilati sisteminin təkmilləşdirildiyini, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini vurğulamış, bu tədbirlərin alimləri ölkənin mövcud elmi-texniki potensialının inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına daha mütəşəkkil səfərbər etdiyini diqqətə çatdırmışlar. Qeyd edilmişdir ki, elm kollektiv anlayışdır, artıq mühüm elmi nailiyyət qazanmaq üçün fərdlərin, qrupların səyləri birləşdirilməlidir. Ölkənin gücü, təhlükəsizliyi yüksək texnologiyaların tətbiqindən, neftdən sonra ikinci strateji sahə olan kənd təsərrüfatının inkişafından asılıdır. Bu sahələrə alimlərin töhfəsini artırmaq üçün təkliflər irəli sürülmüşdür.
Yığıncaq iştirakçıları AMEA-nın 2007-ci ildəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, qurumun nizamnaməsinə dəyişikliklər etmişlər. Bundan əlavə, gizli səsvermə yolu ilə akademiklər Vaqif Fərzəliyev AMEA-nın, Nadir Seyidov isə kimya elmləri bölməsinin akademik-katibləri seçilmişlər.
Yiğincaqda Prezidentin İcra Aparatının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə iştirak etmişdir.
######
