MƏDƏNİYYƏT
Azərbaycan Milli Konservatoriyasında təşkil olunan simpozium panel sessiyalarla davam edib
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 18-də Azərbaycan Milli Konservatoriyasında UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) “Türk Dünyasında Musiqi və Rəqs” və “Qlobal Musiqi Tarixi” Araşdırma Qruplarının “Qədim mirasın əks-sədaları: musiqi və rəqs irsinin öyrənilməsi” adlı birgə simpozium keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Nazirliyi, Milli Konservatoriya, ICTMD və Bakı Xoreoqrafiya Akademiyasının birgə layihəsi olan simpoziumda çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Azərbaycan xalqının dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğum gününün bu gündən başlanaraq bütün musiqi müəssisələrində qeyd olunacağını deyib.
M.Hüseynov diqqətə çatdırıb ki, Milli Konservatoriyada keçirilən bu simpoziumda bir çox ölkələrdən məşhur alimlər, musiqiçilər iştirak edir.
Sonra tədbir panel sessiyaları ilə davam edib.
Sessiyada Lissabon Nova Universitetinin professoru Salva Elşavan Kastelo-Branko “Postkolonial dünyanın siyasəti və estetikası: Qahirədə ərəb musiqi irsi”, sənətşünaslıq üzrə elmlər doktoru Gültəkin Şamilli “Azərbaycan qlobal tarixin xəritəsində: musiqi və rəqs sərhədləri üzərindən diskurs”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova “Şuşanın musiqi sülalələri dahi yerlər nəzəriyyəsi kontekstində” mövzuları ilə təqdimatla çıxış ediblər.
Daha sonra “Musiqi və rəqs sənətinin inkişaf tarixində görkəmli şəxsiyyətlərin rolu” mövzusunda panel sessiya təşkil edilib. Musiqişünaslar “Üzeyir Hacıbəyli portretinə eskizlər”, “Üzeyir Hacıbəyli: XXI əsrdən bir baxış”, “Üzeyir Hacıbəyli musiqi bacarıqları haqqında” mövzuları barədə danışıblar.
Simpozium panel sessiyalarla davam edib.