Azərbaycan milli mətbuatı dövlətçilik və milli kimliyimizin əsas dayaqlarından biridir
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan milli mətbuatının əsası 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulub və bu nəşr xalqın maariflənməsində, milli özünüdərk ideyalarının formalaşmasında, ana dilinin qorunmasında mühüm rol oynayıb. Müstəqillik illərində həyata keçirilən media islahatları isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını yaradıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Səs Media Qrupunun rəhbəri, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev söyləyib. Baş redaktor bildirib ki, cəmi 56 nömrəsi işıq üzü görən “Əkinçi” qəzeti xalqın maariflənməsinə, ana dilinin qorunmasına və milli özünüdərk ideyalarının formalaşmasına böyük töhfə verərək sonrakı milli mətbuatın inkişafına möhkəm zəmin yaradıb. O qeyd edib ki, çar Rusiyası dövründə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Tərəqqi”, “Açıq söz”, “İqbal”, “Kaspi” və “Molla Nəsrəddin” kimi nəşrlər milli oyanışın və maarifçilik ideyalarının yayılmasında mühüm rol oynayıb. Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli kimi ziyalıların publisistik fəaliyyəti isə Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasına xidmət edib.
Müsahibimiz vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mətbuat tariximizin demokratik mərhələlərindən biri yaşanıb. “Azərbaycan” qəzeti hökumətin rəsmi orqanı kimi fəaliyyət göstərib, “İstiqlal”, “Açıq söz”, “Bəsirət”, “Qurtuluş” və digər nəşrlər isə ictimai-siyasi proseslərdə fəal iştirak edərək milli dövlətçilik ideyalarının təbliğinə mühüm töhfə verib.
Baş redaktor bildirib ki, sovet hakimiyyəti illərində mətbuat ideoloji məhdudiyyətlər altında fəaliyyət göstərsə də, peşəkar jurnalistika məktəbi formalaşıb, redaksiya ənənələri yaranıb və jurnalist kadrları yetişdirilib. Onun sözlərinə görə, bu dövr Azərbaycan jurnalistikasının peşəkar inkişaf mərhələsi kimi də qiymətləndirilə bilər. Müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi media siyasəti Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin əsasını qoyub. 1998-ci ildə senzuranın ləğvi ölkə mediasının inkişafında dönüş nöqtəsi olub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Medianın İnkişafı Agentliyinin yaradılması, media qanunvericiliyinin təkmilləşdirilməsi, Media Reyestrinin tətbiqi, rəqəmsal medianın inkişafı və jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi media mühitinin daha da inkişafına xidmət edir.
“Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat ənənələri bu gün uğurla davam etdirilir və Azərbaycan mediası bundan sonra da xalqımızın milli maraqlarının qorunmasına, cəmiyyətin düzgün məlumatlandırılmasına və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - deyə Bəhruz Quliyev fikrini yekunlaşdırıb.