Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkil etdiyi güllə atıcılığı turnirinin qalibləri müəyyənləşib
Bakı, 10 mart, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə martın 10-da Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirin keçirilməsində məqsəd martın 19-dan 26-dək Birləşmiş Ərəb Əmirliklərinin Al-Əid şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıqdır.
Yarışda milli komandanın qadın və kişi idmançıları qüvvələrini sınayıblar.
Qadınların yarışında 538 xalla Aybəniz Babayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gülnarə Niftəliyeva (197,8) ikinci, Vüsalə Kərimova (177,1) isə üçüncü yeri tutublar.
Kişilərin mübarizəsində isə Kamran Zeynalov 553 xalla birinci yerin sahibi olub. Yarışda 227,2 xal toplayan Elşad Məmmədov ikinci, aktivinə 222,4 xal yazdıran Əkbər Muradov isə üçüncü yerdə qərarlaşıblar.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov turnirin əhəmiyyətini yüksək qiymətləndirərək, yarışa ev sahibliyinə görə Bakı Atıcılıq Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib. Dünya Kubokuna hazırlıq prosesindən danışan federasiya prezidenti bu baxımdan turnirin önəmini xüsusi vurğulayıb. Qalibləri təbrik edən İlqar Rəhimov qarşıdakı yarışlarda idmançılara uğurlar arzulayıb.
Sonda qaliblərə kubok və medallar təqdim olunub.