İDMAN
Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti: Hədəf yalnız dünya çempionluğudur
Bakı, 27 oktyabr, AZƏRTAC
"Milli komanda dünya çempionatına yaxşı hazırlaşıb. Məşqlərin yüksək səviyyədə təşkili üçün yığmaya tam şərait yaradılmışdır”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının vitse-prezidenti Taleh Nəsibov milli komandanın Birləşmiş Ərəb Əmirliklərində keçirilən dünya çempionatındakı şansları barədə danışarkən deyib.
Qrupdakı rəqibləri dəyərləndirən funksioner Misirin son Afrika çempionu olduğunu xatırladıb: "Digər komandalar haqqında elə çox məlumatım yoxdur. Çünki minifutbolda rəqibləri tam araşdırmaq bir az çətindir. Ona görə də analiz etmək alınmır. Amma onu deyə bilərəm ki, yığmamız çox iddialıdır. Düşünürəm ki, qrup mərhələsini başıuca adlayacağıq".
T. Nəsibovun sözlərinə görə, yığmanın qarşısına hansısa hədəf qoymağa ehtiyac yoxdur: "Çünki komandanın hər bir üzvü dünya çempionatına ən yüksək nəticə üçün getdiyimizi bilir. Özləri öz qarşılarına məqsəd qoymalıdırlar. Bu hədəf isə yalnız qızıl medal olmalıdır. Ümumiyyətlə, hər bir idmançı birinci yer uğrunda mübarizə aparmalı, bu yolda irəliyə doğru addımlamalıdır. İstəyimiz dünya çempionu olmaqdır. Son Avropa çempionuyuq. Komandalar bizə qarşı fərqli hazırlaşıblar, daha sərt və güclü oyun nümayiş etdirəcəklər. Bunun da qarşılığı yalnız uğur olmalıdır".
Federasiyanın vitse-prezidenti deyib ki, yarışa son Avropa çempionu kimi yollanmaları yığmanın məsuliyyətini daha da artırır: "Həm xalqımız, həm federasiya rəhbərliyi milli komandadan daha yüksək nəticələr gözləyir. Amma komandanın üzərində hər hansı təzyiq yoxdur. Oyunçular məsuliyyəti dərk edirlər və çox motivasiyalıdırlar".
Qeyd edək ki, Azərbaycan minifutbol yığması dünya çempionatında ilk oyununu bu gün İraq seçməsinə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.