AZƏRBAYCAN MÜTƏXƏSSİSLƏRİ AVROPA ŞURASININ EKSPERTLƏR KOMİTƏSİNİN İCLASINDA İŞTİRAK EDİRLƏR
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yanvarın 17-də Strasburqda Avropa Şurasının çirkli pulların yuyulmasına qarşı tədbirlərin dəyərləndirilməsi üzrə ekspertlər komitəsinin (MONEYVAL) 16-cı iclası öz işinə başlamışdır.
İclasda Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisi Bəhruz Məmmədov, Milli Bankın əməkdaşı Əliyar Məmmədyarov və Ədliyyə Nazirliyinin nümayəndəsi Fəxriyyar Cabbarovdan ibarət nümayəndə heyəti iştirak edir. Xatırladaq ki, MONEYVAL hazırda 21 ölkəni birləşdirir. Azərbaycan 2001-ci ildən bu komitənin işində iştirak edir.
MONEYVAL-ın məqsədi FATF (Maliyyə fəaliyyəti üzrə işçi qrupu) üzvü olmayan AŞ dövlətlərində cinayət əməllərindən əldə edilmiş gəlirlərin leqallaşdırılması sahəsində qanunvericiliyi və mövcud praktikaları dəyərləndirmək və həmin dövlətlərin hüquqi, maliyyə və cəza vasitələrinin mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə müfəssəl tövsiyələr verməkdən ibarətdir. 2003-cü ildən MONEYVAL terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tədbirləri də dəyərləndirir.
Azərbaycan üzrə birinci dəyərləndirmə məruzəsi MONEYVAL ekspertləri tərəfindən 2003-cü ildə hazırlanmış və həmin ilin dekabrında qəbul edilmişdir. Komitədəki mövcud praktikaya uyğun olaraq, məruzənin qəbul edilməsindən keçən bir il ərzində görülmüş tədbirlər barədə tərəqqi məruzəsi hazırlanmış və indiki iclasın birinci iş günündə, yəni yanvarın 17-də nümayəndə heyətimiz tərəfindən komitə üzvlərinə təqdim edilmişdir.
MONEYVAL-ın indiki iclası yanvarın 21-də başa çatacaqdır. Bu il komitənin daha iki iclasının keçirilməsi planlaşdırılır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris