AZƏRBAYCAN NAMİNƏ ALYANS PARTİYASININ SƏDRİ, MİLLİ MƏCLİSİN DEPUTATI ABUTALIB SƏMƏDOVUN ÇIXIŞI
Hörmətli mərasim iştirakçıları!
Heydər Əliyev kimi nəhəng bir insan haqqında söz demək, kitab yazmaq cəsarətini özümdə tapmaq doğrudan da çox çətin idi. Mən də heç vaxt bu fikrə düşməmişdim. Sadəcə olaraq, Heydər Əliyev haqqında deyilən böhtanlar, onun böyük işlərini kiçiltmək istəyi, Azərbaycanın yaxın tarixini saxtalaşdırmağa çalışan insanların məkrli niyyətləri məni məcbur etdi ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövrünü araşdırıb “Sənə bağlıyam, Azərbaycan” adlı kitab hazırlayım. Bu kitabı hazırlayandan sonra onu Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova göstərdim. O, kitabı oxuyandan sonra məsləhət gördü ki, mən hadisələrə daha geniş yanaşım və “Azərbaycanın qurtuluş tarixi” kitabı üzərində işləyim. Səmimi etiraf edirəm ki, mənim üçün bu, həddindən artıq çətin bir iş idi və belə bir məsuliyyətin altına girməyə cəsarət etmədim. Çünki mən hüquqşünasam, tarixçi deyiləm. Bu cür işin altına girməyə məni vadar edən yeganə bir şey varsa, o da Heydər Əliyevə olan məhəbbətim idi. Lakin mən onu da başa düşürdüm ki, bu, kifayət deyildir.
Sonradan, ümummilli liderimiz kitab ilə tanış olaraq, öz tövsiyələrini verdi, mənə böyük inam göstərdi. Mən bu kitab üzərində işləmək qərarına gəldim və sizin qarşınızda bir daha demək istəyirəm ki, “Azərbaycanın qurtuluş tarixi” kitabının ideya müəllifi onun elmi redaktoru hörmətli Əli Həsənovdur. Mənə bu yolu göstərdiyi üçün ona dərin təşəkkürümü bildirmək istəyirəm.
Kitab üzərində işləyərkən çoxsaylı arxiv materiallarını tədqiq etmək lazım idi. Amma sizə bir həqiqəti də bildirmək istəyirəm ki, 1993-cü ilə qədər hakimiyyətdə olan insanlar Azərbaycanın yaxın tarixini saxtalaşdırmaq üçün imkan daxilində əksər arxiv materiallarını məhv etməyə çalışmışlar. O dövrün qəzetlərini tapmaq, demək olar ki, qeyri-mümkün idi. Xüsusilə onların apardığı qüsurlu siyasəti ifşa edən materiallar, ümumiyyətlə, yoxdur. Buna görə də müxtəlif idarə və təşkilatlarda bu materialları yığmaq məcburiyyətində qaldım. Hətta bəzi sənədləri burada tapa bilmədiyimizə görə, Moskvada və başqa respublikalarda axtarmalı olurduq.
Kitabın birinci cildi Heydər Əliyevin istefasından sonrakı və onun 1993-cü ildə hakimiyyətə qayıdışına qədərki dövrü əhatə edir. Məlumdur ki, bütün təhlükələrə baxmayaraq, Heydər Əliyev Moskvadan Bakıya qayıtdı. Lakin ona burada yaşamağa imkan vermədilər. Bundan sonra o, Naxçıvana getdi və özünün möhtəşəm işlərini başladı. Həmin dövrdə Heydər Əliyevin yanında fəaliyyət göstərən Ali Məclisin sədri Vasif Talıbov Ali Məclisdə, Naxçıvan televiziyasında və Daxili İşlər Nazirliyinin arxivində olan sənədləri çıxartdırıb mənə verdi. Mən çox nadir sənədlər əldə etdim.
Bu zəhmətinə, birinci cildin çap olunmasında mənə göstərdiyi köməyə görə hörmətli Vasif müəllimə öz təşəkkürümü bildirmək istəyirəm.
Həmin dövrdə möhtərəm Heydər Əliyevlə birgə fəaliyyət göstərən hörmətli millət vəkili Fəttah Heydərov dəyərli məsləhətlər verdi. Kitabın hazırlanmasında əvvəldən axıradək mənimlə birlikdə çalışdı. Mən ona da dərin minnətdarlığımı bildirmək istəyirəm.
Naxçıvanda 1992-ci ilin hadisələri sırasında dövlət çevrilişi cəhdi xüsusi seçilir. Doğrudan da nadir bir hadisə idi ki, yüzlərlə silahlı quldur Daxili İşlər Nazirliyinin binasını zəbt edib orada öz adamlarını əyləşdirməyə çalışırdı. Heydər Əliyevin “sizə bir saat vaxt verirəm, əgər bir saat ərzində nazirliyin binasını tərk etməsəniz, xalq sizi oradan çıxmağa məcbur edəcəkdir” xəbərdarlığından sonra onlar sakitcə oranı tərk etdilər. Özləri ilə gətirdikləri zirehli texnikanı və silahlıları geri çəkmək məcburiyyətində qaldılar.
Həmin dövrü öyrənərkən mən 1992-ci ildə dövlət çevrilişi cəhdi zamanı Naxçıvanın daxili işlər naziri işləmiş Əsgər Ələkbərovun, nazirliyin rəhbərliyində olmuş və böyük cəsarət nümayiş etdirmiş Oruc Zalovun şəxsi arxivlərində olan materialları götürdüm. Bütün bu materialları ümumiləşdirərək, kitabın birinci cildini hazırlamaq mümkün oldu. Mən səmimi deyirəm ki, bu kitabı tarix əsəri hesab etmək olmaz. Sadəcə olaraq, mən əlimdən gələni etdim ki, Azərbaycanın yaxın tarixi saxtalaşdırılmasın. Nə mümkün idisə, topladım. Toplanan sənədlər əsasında obyektiv təhlillər aparmaq mümkün idisə, bunu etməyə çalışdım.
Kitabın ikinci cildi Azərbaycandakı vətəndaş müharibəsinə, Gəncə hadisəsinə və faciənin qarşısını almaq üçün Heydər Əliyevin gördüyü işlərə həsr olunmuşdur. Cildin hazırlanmasında mənə kitabın məsləhətçisi professor Abdulla İsayev yaxından kömək etmişdir. Üçüncü cild “Talış-Muğan Respublikası” haqqındadır. O dövrlə bağlı sənədləri toplamaq çox çətin idi. Mənə həmin hadisələrdə fəal iştirak edən adamlar yaxından kömək edə bilərdilər. Onların arasında mən Yaşar Rzayevin, Milli Məclisin deputatı Ağakərim Şərifovun adlarını çəkmək istəyirəm. Üçüncü cildin hazırlanmasında mənə çox böyük kömək göstərən Torpaq və Xəritəçəkmə Komitəsinin sədri hörmətli Qərib Məmmədovun böyük zəhmətini qeyd etmək istəyirəm.
Nəhayət, dördüncü cild Azərbaycanda dövlət çevrilişləri cəhdləri və Prezidentin həyatına sui-qəsdlərlə bağlıdır. Bu cildin məsləhətçisi Azərbaycan Respublikasının Baş prokuroru hörmətli Zakir Qaralov hərbi prokurorluqda, məhkəmə orqanlarında olan sənədləri üzə çıxarmaq üçün çox böyük zəhmət çəkibdir. Eyni zamanda, onun birinci müavini Ramiz Rzayev, baş idarə rəisi Tahir Kazımov mənə yaxından kömək etdilər. Dövlət çevrilişi cəhdləri barədə materialları işləyərkən, eyni zamanda, Daxili İşlər Nazirliyində, Bakı Baş Polis İdarəsində olan materiallar da mənə təqdim olundu. Ona görə mən daxili işlər naziri Ramil Usubova və Bakı Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevə minnətdarlığımı bildirmək istəyirəm.
Nəhayət, öz nadir arxivini böyük ürək genişliyi ilə təqdim edən, ürəyində Heydər Əliyevə dərin məhəbbəti olan sadə bir insana - Ağamirzə Əhədova dərin minnətdarlığımı bildirmək istəyirəm.
Kitabın beşinci cildi üzərində də iş gedir, bu cildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rəhbərlik edir. Onun köməyi olmadan bu qədər işi görmək, cildləri hazırlamaq mümkün olmazdı. Dəvətnamədə də biz müəllif göstərməmişik, çıxışlarda da müəllifdən söhbət getmədi. Çünki, əslinə qalsa, müəllif böyük bir kollektivdir. Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün əlindən gələni əsirgəməyən fədakar insanlardır. Bu, insanların ürəyində olan Heydər Əliyev məhəbbətidir. Kitablar çap olunduqdan sonra Prezident İlham Əliyevə təqdim etmək üçün apardım. Kitabları görəndə Əli Həsənov dedi ki, bu, bizim böyük Heydər Əliyevin xatirəsi, böyük əməlləri qarşısında çox kiçik bir xidmətimizdir. Bu, həqiqətən belədir, çünki Heydər Əliyevin xidmətləri qarşısında bizim ona layiq iş görməyimiz son dərəcə çətindir. Çünki Heydər Əliyev bizə dünyada hər şeydən əziz olan müstəqil Azərbaycanı verib, bugünkü rahat, gələcəyə ümidlə baxan həyatımızı təmin edibdir.
Nə qədər Azərbaycan dövləti var, nə qədər Azərbaycan xalqı yaşayır, Heydər Əliyevin adı da yaşayacaq, onun adı önündə həmişə ehtiramla baş əyəcəklər. Mən çox xahiş edərdim ki, bizim bu işimizi Heydər Əliyevin xidmətləri qarşısında ehtiramla səcdə etmək cəhdi kimi qəbul edəsiniz.
Sağ olun!
X X X
MURTUZ ƏLƏSGƏROV: Hörmətli mərasim iştirakçıları, təqdimat mərasiminin iştirakçılarını, bu kitabların ərsəyə gəlməsində iştirak edənləri, xüsusilə onun müəllifini, redaktorlarını səmimi qəlbdən təbrik edirəm. Müəllifin dediyi kimi, Heydər Əliyevin çoxşaxəli fəaliyyətinə dair kitabın üzərində iş davam etdirilir. Güman edirəm ki, bu işi daim davam etdirmək lazımdır.
Böyük öndərimiz Heydər Əliyevin qurub yaratdığı, xalqımıza bəxş etdiyi müstəqil Azərbaycan dövləti yaşayır, möhkəmlənir və deyərdim ki, daha da inkişaf edir, irəliyə gedir. Heydər Əliyevin layiqli davamçısı kimi möhtərəm Prezidentimiz İlham Əliyev həm daxildə, həm də beynəlxalq aləmdə geniş miqyasda fəaliyyət göstərir. Əminəm ki, onun həyata keçirdiyi islahatlar Azərbaycanı yaxın vaxtlarda dünyanın tanınmış dövlətləri sırasına çıxaracaq, ölkəmiz daha da inkişaf edəcək, möhkəmlənəcəkdir.