CƏMİYYƏT
Azərbaycan nümayəndə heyəti İğdırda soyqırımı qurbanlarını yad edib
Bakı, 22 may, AZƏRTAC
Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, mayın 22-də İğdır və Qars vilayətlərində olan Azərbaycan nümayəndə heyəti əvvəlcə İğdır vilayətində Soyqırımı abidəsini və muzeyini ziyarət ediblər.
Ermənilər tərəfindən 1915-1920-ci illərdə törədilən soyqırımı zamanı şəhid edilmiş qardaşlarımızın əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib, dünyadan köçənlərin ruhlarına dualar oxunub.
Bildirilib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki qardaş ölkə tapmaq mümkün deyil, ölkələrimiz arasındakı dostluq artıq müttəfiqliyə çevrilib.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Milli Məclisinin və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, şəhid atası və Vətən müharibəsi qazisi daxildir.