Azərbaycan nümayəndələri Türkmənistanda beynəlxalq seminarda iştirak edirlər
Bakı, 9 mart, AZƏRTAC
Türkmənistanın “Avaza” Milli Turizm Zonasında “Xəzər dənizi - dayanıqlı inkişaf və idarəetmə” mövzusunda beynəlxalq seminar keçirilir. AZƏRTAC Türkmənistan Neft və Qaz Kompleksinin elektron qəzetinə istinadla xəbər verir ki, seminar Beynəlxalq Okean İnstitutu (IOI) ilə birlikdə Türkmənistan Xarici İşlər Nazirliyi və Prezident yanında Xəzər Dənizi Məsələləri üzrə Dövlət Müəssisəsi tərəfindən təşkil edilib.
Tədbirdə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın müxtəlif nazirlik və idarələrinin mütəxəssisləri, habelə beynəlxalq ekspertlər - IOI-nin dəniz iqtisadiyyatı, siyasət, idarəetmə, ekologiya, dəniz hüququ sahəsində elmi müşavirləri iştirak edirlər.
Ongünlük treninqin proqramına Xəzəryanı ölkələrin inkişafının iqtisadi, sosial və ekoloji aspektləri ilə bağlı geniş əhatəli məsələlər daxildir. Kurs mövzu baxımından dörd modula bölünür: “Okeanın idarə olunması strukturu”, “Su resurslarının davamlı idarə olunmasının maliyyə mexanizmləri”, “Okeanla əlaqələrin idarə olunması mexanizmləri”, “Xəzər dənizinin idarə olunması”.
Seminar çərçivəsində “Okeanların sərvəti”, “İqlim dəyişmələrinin dəniz mühitinə təsiri”, “Dənizin biomüxtəlifliyi”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi”, “Sahilboyu zonaların kompleks idarə olunması”, “Dəniz məkanının planlaşdırılması”, “Xəzər dənizinin neft, qaz və digər resurslarının kəşfiyyatı və istismarında beynəlxalq hüququn tətbiqi”, “Xəzər dənizi reallıqlarında gəmiçiliyin tənzimlənməsinə dair beynəlxalq normaların tətbiqi”, “Qlobal İqtisadi Fondun Türkmənistanda layihələri”, “Xəzər dənizi regionu: sosial-iqtisadi və siyasi kontekstlər”, “Xəzər ekoloji proqramı” və s. mövzular müzakirə olunur.
Seminara mühazirələr, praktiki məşğələlər, interaktiv diskussiyalar, “dəyirmi masa”lar, təqdimatlar daxildir.
Tədbir çərçivəsində Xəzər Dövlət Qoruğuna tanışlıq ekskursiyası təşkil ediləcək.