AZƏRBAYCAN OMBUDSMANI MACARISTAN OMBUDSMANINDAN CAVAB MƏKTUBU ALMIŞDIR
Ombudsman E.Süleymanova macar həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin səbəblərini açan, erməni işğalçılarının törətdikləri bədnam əməllərdən bəhs edən, kütləvi insan tələfatı ilə nəticələnən Xocalı soyqırımının 12-ci ildönümü ilə əlaqədar Bəyanatının ingilis dilində mətnini də göndərmişdi.
İnsan hüquqları üzrə müvəkkilin müraciətinə Macarıstan ombudsmanı Albert Takaşin cavab məktubu göndərmişdir. Məktubda deyilir:
“2004-cü il fevralın 19-da Macarıstan Müdafiə Nazirliyinin Zriniy Mikloş Universitetində baş vermiş hadisə nəticəsində Qurgen Marqaryanın ölümündə şübhəli bilinən Ramil Səfərovun məsələsi ilə bağlı müraciətinizlə bizim təşkilata göstərdiyiniz etimada görə sizə minnətdarlığımı bildirirəm.
Sizdən aldığım məlumat münaqişənin kökləri, onu doğuran səbəblərin ciddiliyi, həmin hadisənin məhz bu münaqişə nəticəsində baş verməsi və cəmiyyətdə böyük həyəcanla qarşılanması barədə dərin təsəvvür yaratdı, məni düşündürdü. Bu ətraflı məlumat istintaq orqanlarının araşdırma apararkən həmin məsələni düzgün qiymətləndirməsini asanlaşdıracaq, hadisənin təfərrüatının və şübhəli bilinən şəxsin məsuliyyətinin müəyyən edilməsinə kömək göstərəcək, bu isə öz növbəsində, ədalətli və qərəzsiz qərarın qəbul olunmasına imkan yaradacaqdır.
Bildiyiniz kimi, bizim ölkənin ombudsman haqqında qanunu istintaqın gedişinə müdaxilə etmək və prosesin mərhələləri üzrə sorğu göndərmək üçün mənə səlahiyyət vermir. Mən yalnız saxlanılan şəxsə göstərilən münasibətə və onun saxlanılma şəraitinə nəzarət edə bilərəm. Buna baxmayaraq, müraciətinizə əsasən, sizin məlumatlarınızı baş prokurora çatdırmış, bütün sənədləri ona göndərmişəm. Prosesin gedişini izləmək, müəyyən edilmiş faktlar haqqında məlumat almaq, şübhəli bilinən şəxsin şikayətlərini dinləmək və onları həll etmək üçün baş prokuror tərəfindən dəvət olunmuşam.
Sizi əmin etmək istərdim ki, ombudsman ofisinin nümayəndələri Ramil Səfərova baş çəkəcək, ona kömək üçün sizin səyləriniz barədə məlumat verəcək, ehtiyacları və problemləri ilə maraqlanacaqlar”.