Azərbaycan Ordusu beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirak edir
Stokholm, 26 iyun (AZƏRTAC). İsveçin paytaxtı Stokholm şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-ci ildönümünə həsr olunmuş rəsmi ziyafət verilmişdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İsveç Krallığındakı Hərbi Attaşelik Aparatı tərəfindən təşkil olunan tədbirdə fəxri qonaq qismində İsveç Silahlı Qüvvələri Ali Baş Komandanının birinci müavini, general Yan Salestrand, o cümlədən İsveçin ali və yüksək rütbəli zabitləri, bu ölkədə akkreditə olunmuş səfirlər, hərbi attaşelər, dövlət və hökumət rəsmiləri, jurnalistlər və Stokholmda yaşayan azərbaycanlılar iştirak etmişlər.
Mərasim Azərbaycanın və İsveçin dövlət himnlərinin səslənməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın İsveç Krallığındakı hərbi attaşesi, polkovnik-leytenant Rövşən Kərimov Silahlı Qüvvələrimizin yaranma tarixi və keçdiyi inkişaf yolu haqqında məlumat vermişdir. R.Kərimov müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, dahi rəhbərin ordu quruculuğu sahəsində həyata keçirdiyi işlərin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan bu gün regionun ən güclü ordusuna sahibdir, bölgədə sülh və əmin-amanlığın qarantıdır. Natiq ordumuzun böyük quruculuq yolu keçərək peşəkarlığını artırdığını, maddi-texniki bazasını mütəmadi gücləndirərək hazırkı yüksək səviyyəyə çatdığını bildirmişdir.
Azərbaycan Ordusunun beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirakını vurğulayan Rövşən Kərimov ölkəmiz ilə İsveç arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əlaqələrin qarşılıqlı şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm