AZƏRBAYCAN OTÜSTÜ XOKKEY FEDERASİYASININ VİTSE-PREZİDENTİ NAMİQ ƏLİYEV: BİZ MÜBARİZƏNİ SONA QƏDƏR APARACAĞIQ
Azərbaycan Otüstü Xokkey Federasiyası, Gənclər və İdman Nazirliyinin rəsmiləri apreldə Bakıda otüstü xokkey üzrə olimpiya təsnifat turnirində baş verən dopinq qalmaqalı, yarışdan sonra turnirin qalibi olmuş İspaniya komandasının oyunçularının mətbuatda müəmmalı çıxışları, Azərbaycan idmanına qarşı haqsızlıq və digər məsələlərlə bağlı ictimaiyyətə açıqlama vermişlər.
İyulun 22-də Gənclər və İdman Nazirliyində keçirilən mətbuat konfransında Azərbaycan Otüstü Xokkey Federasiyasının vitse-prezidenti Namiq Əliyev Bakıda təşkil olunmuş turnirdə İspaniya yığmasının iki oyunçusunun qanında qadağan olunmuş dərman preparatları tapıldıqdan sonra, nəinki komandanın, hətta hər iki oyunçunun cəzasız qalmasının yolverilməz olduğunu demişdir. Biz buna qarşı mübarizə aparacağıq. Artıq Belçikadan beynəlxalq hüquq şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalamışıq və bu şirkət bizim hüquqlarımızı qoruyacaqdır.
N.Əliyev dopinq tapılandan sonra ispaniyalı oyunçuların mətbuatda Azərbaycan haqqında xoşagəlməz fikirlərinin narahatçılıq doğurduğunu söyləmişdir. İspaniyalılar guya Azərbaycanda onlara pis şərait yaradılması haqqında şikayətlənirlər. Əvvəlcədən demək istərdim ki, bütün komandalar bir mehmanxanada yerləşdirildiyi halda, yalnız İspaniya yığması başqa bir mehmanxanada qalmağa üstünlük vermişdi.
İspanlar turnirin son gününədək hər şeyin yüksək səviyyədə təşkil olunduğunu, Bakıda səmimi və qonaqpərvərliklə qarşılandıqlarını etiraf edirdilər. Lakin dopinq qalmaqalında adları hallanandan sonra Azərbaycana qarşı sərt ittihamlar səsləndirməyə başladılar. Artıq biz Dünya Antidopinq Agentliyinə (WADA), Beynəlxalq Otüstü Xokkey Federasiyasına (FİH) etirazımızı bildirmişik. Biz mübarizəmizi axıradək aparcağıq və ədalətli qərarın çıxarılmasına nail olacağıq.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə Azərbaycanda bir sıra beynəlxalq yarışların keçirildiyini və indiyədək heç bir idmançının ölkəmiz haqqında şikayət etmədiyini bildirmişdir. O demişdir ki, əgər bu gün dopinqə qarşı mübarizə aparılırsa, hamıya eyni gözlə baxılmalıdır.
Məsələ ilə bağlı fikrini Gənclər və İdman Nazirliyinin antidopinq sektorunun müdiri İradə Rüstəmzadə açıqlamışdır.
İ.Rüstəmzadə demişdir ki, İspaniya yığmasının iki oyunçusunun qanında çox ağır qadağan olunmuş preparatlar tapılmışdır. Lakin idmançıların hüquqlarının pozulmaması üçün mən bu preparatların adını çəkmək istəmirəm.
İ.Rüstəmzadə eyni zamanda FİH-in bu məsələyə münasibətinin də aydın olmadığını söyləmişdir. O demişdir ki, Bakıda olimpiya lisenziyalı turnir başlanan günədək heç kim bizə dopinq test götürmək üçün müraciət etməmişdi. Əvvəllər Bakıda keçirilən yarışlarda belə hal ilə biz üzləşməmişik. Yarış start götürən gün FİH rəsmisi hər komandadan bir oyunçudan dopinq testin götürülməsini istədi. Ədalətli qərarın çıxarılması üçün biz 5 gün ərzində 64 dopinq test götürdük. Bundan əlavə bütün komandalar oyundan sonra yorğun göründüyü halda yalnız ispaniyalı oyunçularda bu hiss olunmurdu. Testlər daha çox götürülsəydi, mən İspaniya yığmasının daha bir neçə oyunçusunun qanında dopinqin tapılmasını istisna etmirəm.
Biz artıq WADA-ya müraciət ünvanlamışıq. Qanunla WADA Olimpiya Oyunlarına 10 gün qalmış nəticəyə təsir göstərən qərar çıxara bilər. Bu vaxtadək biz müəyyən bir irəliləyişə nail olmağa çalışacağıq.
Xatırladaq ki, Bakıda keçirilən olimpiya lisenziyalı turnirdə İspaniya yığması finalda Azərbaycan komandası üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Pekin Olimpiadasına lisenziya qazanmışdı.