Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəflərinə doğru irəliləyir ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
2003-cü il Azərbaycan üçün mühüm bir mərhələ idi. Bu tarixi dövr 17 il sonra Azərbaycanın ərazi bütövlüyünü, 20 il sonra isə ölkəmizin suverenliyini tam bərpa edəcək İlham Əliyevin prezident seçilməsi ilə yadda qaldı. 2003-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi irsinə sahib çıxaraq, onun siyasi kursunu davam etdirəcəyini bəyan etdi. O, seçicilərin 76,8 faizinin səsini toplayaraq, güclü lider olduğunu bir daha ortaya qoydu.
Bunu AZƏRTAC-a açıqlamasında COP29 Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, Prezident İlham Əliyevin qarşısında Azərbaycanın müstəqilliyini qorumaq və inkişaf etdirmək kimi çətin vəzifələr dururdu. O, xarici siyasətdə balanslaşdırılmış xəttə üstünlük verərək, Azərbaycan xalqının milli maraqlarına əsaslanan münasibətlər qura bildi. Prezident İlham Əliyev iqtisadiyyat sahəsində neft-qaz sektorunun inkişafını, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasını prioritet olaraq götürdü. Neft gəlirləri, ölkənin iqtisadi inkişafına müsbət təsirlərini göstərməyə başlamışdı. Eyni zamanda, neft asılılığının aradan qaldırılması məqsədilə qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirildi. Neft kapitalının insan kapitalına çevrilməsi onun əsas şüarlarından biri idi.
Milli Məclisin deputatı qeyd edib ki, ötən müddət ərzində ölkəmizdə turizm, kənd təsərrüfatı və sənaye sahələrinin inkişafı üçün müvafiq islahatlar həyata keçirildi. Qərb və Şərq ölkələri ilə münasibətləri gücləndirərək, Azərbaycanın enerji resurslarını səmərəli şəkildə dünya bazarına çıxarmağı hədəflədi. "Bakı-Tbilisi-Ceyhan" neft kəməri və "Bakı-Tbilisi-Ərzurum" qaz kəməri layihələri, Azərbaycanın enerji təhlükəsizliyini artırmaqla yanaşı, regional əməkdaşlığı da gücləndirdi. Bu layihələr, həmçinin Azərbaycanın beynəlxalq müstəvidə strateji əhəmiyyətini artırdı. Ölkəmizdə sosial siyasət sahəsində, sosial rifahın artırılması, yoxsulluğun və işsizliyin azaldılması məqsədilə müxtəlif proqramlar təqdim edildi. Təhsil, səhiyyə və sosial müdafiə sistemlərinin inkişafı üçün dövlət tərəfindən geniş maliyyə resursları ayrıldı.
“İlham Əliyevin Prezident seçilməsi ilə Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni bir dönəm başladı. 2003-cü ildən başlayaraq, Azərbaycan, regional güc mərkəzi olaraq yerini daha da möhkəmləndirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəflərinə doğru irəliləyən Azərbaycan tarixinin ən böyük missiyasını müzəffər Qələbə ilə tamamladı. Ali Baş Komandan ölkəmizin bir nömrəli prioritetini – dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını müvəffəqiyyətlə icra etdi. İndi qarşıda Azərbaycanı gücləndirmək və xalqın rifah halının daha da yaxşılaşdırılması istiqamətində böyük işlər durur”, - deyə Pərvanə Vəliyeva qeyd edib.