AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AFİNADA AĞIRLIQQALDIRMA ÜZRƏ YARIŞI İZLƏMİŞDİR
Dövlətimizin başçısı yarış başlanmazdan əvvəl Türkiyənin TRT televiziya kanalı müxbirinin sualına cavab verdi:
MÜXBİR: Hörmətli Cümhurbaşqanı, xoş gəlmisiniz. Ağırlıqqaldırma üzrə keçiriləcək yarış barədə düşüncələrinizi bilmək istərdik.
İLHAM ƏLİYEV: Ağırlıqqaldırma Azərbaycanda məşhur idman növüdür. Son zamanlar çox inkişaf edibdir. Bildiyiniz kimi, bizim ağırlıqqaldırma üzrə dünya çempionumuz var. Ona görə ümid edirik ki, idmançılarımız burada yaxşı nəticə göstərəcəklər.
X X X
Sonra Prezident İlham Əliyev yarışı izlədi. 69 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan atleti Turan Mirzəyev dünyanın ən güclü idmançıları ilə gərgin mübarizə apardı. O, birdən və təkanla ağırlıqqaldırmada 332,5 kiloqram nəticə göstərərək Çin, Koreya və Xorvatiya idmançılarından sonra dördüncü yeri tutdu.
Yarışdan sonra Türkiyə telekanalının müxbiri Azərbaycan Prezidenti İlham Əliyevə bir daha müraciət etdi.
SUAL: Cənab Prezident, axşamınız xeyir, izlədiyiniz yarış barədə nə deyə bilərsiniz?
CAVAB: Çox gözəl yarış idi. Bizim idmançı da yaxşı nəticə göstərdi və dördüncü oldu. Medal qazanmağa az qalmışdı. Amma...
Sizi də təbrik edirəm. Türk idmançıları yaxşı nəticə göstərirlər. Bu, bizi çox sevindirir. İki qızıl medal, bir bürünc medal var. İnanıram ki, daha da yaxşı olacaqdır.