AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AFİNADA BOKSÇUMUZUN DÖYÜŞÜNÜ İZLƏMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva bu döyüşü izləmək üçün Olimpiadanın boks yarışlarının keçirildiyi salona gəlmişdilər.
Bu görüşdə Ağasının rəqibi gənc Avstraliya boksçusu Coel Brunker idi. O, təcrübəli rəqibinə ciddi müqavimət göstərə bilməmişdir. Azərbaycan idmançısı ilk dəqiqələrdən təşəbbüsü ələ alaraq, üçüncü raundun ortalarında üstünlüyünü 20 xala çatdırmış, beləliklə, təmiz qələbə qazanmışdır. 1/8 finalda onun rəqibi bolqarıstanlı Detelin Dalakliyev olacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev döyüş başa çatdıqdan sonra Ağası Məmmədovla görüşərək, inamlı qələbə münasibətilə təbrik etmiş, ona və digər idmançılarımıza uğurlar arzulamışdır.